Prosineçki: “Mənə bir neçə klubdan dəvət gəlsə də, Azərbaycanı seçdim”

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində yerli mətbuatın da diqqət mərkəzindədir. Allsport.az xəbər verir ki, o, qardaş ölkə mətbuatına açıqlamasında yığmamızdan danışıb, eləcə də Fatih Terim və Slaven Biliçi tərifləyib.

4 ay öncə millimizin sükanı arxasına keçmiş xorvatiyalı mütəxəssis Azərbaycan yığmasının seçmə mərhələ çərçivəsində Malta ilə oyuna hazırlaşdığını bildirib: “Bir çox klubdan təklif gəlməsinə rəğmən, Azərbaycan yığmasına üstünlük verdim. Azərbaycanda çox istedadlı, gələcəyi olan futbolçular var. Ölkənin futbol potensialı çox yaxşıdır. Qarşıda bizi Malta ilə seçmə mərhələ oyunu gözləyir. Səfərdə oynayacağıq. Çox qısa bir zaman olmasına baxmayaraq, qələbə qazanmaq istəyirik”.

Prosineçki Xorvatiya yığmasında birgə çalışdığı Slaven Biliçlə çox yaxşı dost olduğunu və tez-tez görüşdüklərini bildirib: “Birlikdə oynadığım və çalışdığım “Beşiktaş”ın baş məşqçisi Biliçlə çox yaxşı dostuq. O, çox yaxşı məşqçidir. “Beşiktaş” hazırda çox yaxşı vəziyyətdədir. “Qalatasaray” və “Fənərbağça” ilə çəkişir. Biliç həm də çox yaxşı insandır”.

Türkiyə futbolu və milli komandası haqqında da danışan Prosineçki bunları söyləyib: “Türkiyə futbolu Terimlə sürətli inkişaf edir. Əminəm ki, futbolunuz bu mütəxəssislə daha da yuxarılara çıxacaq”.

Prosineçki sabiq klubu “Kayserispor”u da xatırlayıb: “Kayserispor”un da liqadakı durumu çox yaxşıdır. Kayseridə 1.5 il keçirdim. Çox yaxşı günlərimiz keçdi. İlk ildə çox uğurlu oldum. İnşallah, bu il təkrar çempion olarlar və təkrar Super Liqaya qayıdarlar”.

Həmin kateqoriyadan