“Qarşıdakı matçlarda daha yaxşı oynayacağam”

“Qəbələ”nin Topaz Premyer Liqasında keçirdiyi son iki oyun Bəxtiyar Soltanovun ilkləri ilə əlamətdar olub. Allsport.az xəbər verir ki, komandaya bir müddət əvvəl cəlb olunan 25 yaşlı futbolçu 12-ci turun AZAL-la (3:3) oyununda “qırmızı-qaralar”ın heyətində ilk oyununu keçirib, növbəti turun “Simurq”la (2:3) ev oyununda isə qol hesabını açıb.

Klub tarixinə 179-cu futbolçu və qol sevinci yaşayan 91-ci oyunçu kimi düşən Soltanov klub saytına açıqlamasında bildirib ki, bunda uyğunlaşma ilə bağlı problemin olmaması rol oynayıb: “Komandaya yeni keçsəm də, uyğunlaşmaqda ciddi problem görmürəm. Çünki yerli futbolçuların çoxunu tanıyırdım. Ümumiyyətlə isə uyğunlaşma gedir və qarşıdakı matçlarda daha yaxşı oynayacağam. Düzdür, ilk oyunda debüt edib, növbətidə qol hesabımı açmışam. Amma yenə oyunum haqda yaxşı deyə bilmərəm. Çünki komanda qalib gəlməyib. Əsas da budur. Həm də potensialım daha artığına çatar. Bunu da qarşıdakı oyunlarda nümayiş etdirməyə çalışacağam”.

Soltanov 14-cü turun “Neftçi” ilə qarşılaşması haqda da fikirlərini bildirib: “Bizi qarşıda “Neftçi” ilə oyun gözləyir. Bilirik ki, qarşılaşma çox çətin olacaq. Paytaxt təmsilçisi güclü komandadır. Lakin biz bu oyuna qələbə üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, 3 xal qazanaq. Bizim üçün qələbə uğursuzluq zolağından çıxmaq üçün vacibdir. Səfərdə oynayacağımıza baxmayaraq qələbə əldə etməliyik. Mən də çalışacağam ki, “Qəbələ”də növbəti qolumu vurum, qələbədə pay sahibi olum”.

Həmin kateqoriyadan