“Qriqorçuku ən yüksək bala layiq görmürəm”

Ukraynanın “Çernomorets” klubunun sabiq futbolçusu, futbol mütəxəssisi İvan Getsko Roman Qriqorçukun “Qəbələ”nin baş məşqçisi vəzifəsinə təyin olunması ilə bağlı fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, Getsko həmkarını Ukraynanın 5 ən yaxşı məşqçisi sırasında gördüyünü dilə gətirib.

O, Qriqorçukun əlacsızlıqdan Azərbaycana üz tutduğunu bildirib: “Başqa nə edə bilərdi ki? Deyək ki, hansısa Ukrayna klubu onu qışda dəvət etdi. Kim təminat verə bilər ki, həmin komanda qışdan salamat çıxa biləcəkdi? Yenə pulsuzluq burulğanında çabalamalı idi? Təminatı ancaq “Dinamo”, “Şaxtyor” və “Dnepr” verə bilər. Bu komandalarda da baş məşqçiyə ehtiyac duyulmur. Rusiyaya üz tutsun? Ya təklif olmayıb, ya da Roman İosifoviç hazırki siyasi vəziyyəti nəzərə alaraq, bu variantı yaxına buraxmayıb. Qərbi Avropa ölkələri isə ukraynalı mütəxəssisləri dəvət etmirlər. Skripnik istisnadır, onu Almaniya püxtələşdirib”.

Qriqorçukun “Çernomorets”dəki işini dəyərləndirən Getsko həmkarına ən yüksək bal verə bilmədiyini söyləyib: “Taktiki cəhətdən ağıllı mütəxəssisdir. Pis işləmədi. Ancaq ən yüksək bala da layiq görməzdim. Komandanı heç 4-cü pilləyə yüksəldə bilmədi. Medallardan isə heç danışmıram. Əlbəttə, keçən il Avropa Liqasının 1/16 finalınadək irəliləməyi bacardılar, orada Fransa “Lion”uyla vuruşdular. Lakin unutmayaq ki, qrup mərhələsində bəxtləri gətirdi. PSV-yə qarşı səfərdə əldə olunan qələbəni nəzərdə tuturam”.

Getsko Qriqorçukun Azərbaycanda hansı müddət qalacağı barədə də proqnoz verib: “O, 1,5 illik müqaviləyə imza atıb. Göründüyü kimi, əl-qolunu uzunmüddətli müqaviləylə bağlamaq istəmir. Deməli, evə qayıtmaq perspektivinin üzərindən xətt çəkmir. Vaxtilə Anatoli Demyanenko da eyni addımı atmışdı”.

Sonda mütəxəssis Qriqorçukun ukraynalı mütəxəssislər arasındakı yerinə də toxunub: “Fomenko, Markeviç, Pavlov və Rebrovdan sonra ona 5-ci yeri verərdim”.

Həmin kateqoriyadan