Qurbanovdan sərt açıqlama: “6 il səsi çıxmayanlar bülbül kimi cəh-cəh vurmağa başladılar”

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasını Norveçlə oyuna çıxaran Mahmud Qurbanov çox tənqid olundu. Allsport.az xəbər verir ki, millimizin 0:1 hesablı məğlubiyyətinin əsas səbəblərini onda görənlər az olmadı.

“Futbol+” qəzetinə açıqlama verən Mahmud Qurbanov bu məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib. O, konkret ad çəkməsə də, bəzi yerli mütəxəssislərin iç üzünü açıb:

“Niyə bəzi yerli məşqçilər Berti Fotqs Makisim Medvedevi dayaq yarımmüdafiəçisi kimi oynadanda, Bədavi Hüseynovun mövqeyini dəyişəndə ağızlarına su alıb durmuşdular? Heç efirdə, mətbuatda almanı tənqid etmirdilər. Hələ deyirdilər ki, Foqts düz edir. Peşəkar futbolçu hər mövqedə oynamalıdır. Ancaq Dmitri Nazarovu meydana buraxmamışam deyə məni, az qala xalq düşməni çıxarırlar.

Çox maraqlıdır ki, 6 il səsi çıxmayan mütəxəssislər Norveçlə oyundan sonra bülbül kimi cəh-cəh vurmağa başladılar. Bu da mənə çatmır. Görəsən, niyə üzdə “Mahmud, sən hər şeyi düz etmişdin” deyən bəzi yerli məşqçilər gedib başqa yerlərdə dalımca danışırlar? Sözün var, səhvim var, kişi kimi üzümə söylə! Hamısı da yaxşı bilirdi ki, Mahmud yalnız bir oyunda milliyə rəhbərlik edəcək.

6 ildir danışmağa özündə cürət tapmayanlar noyabrın 17-dən ağızlarını açıb, gözlərini yumublar. O da maraqlıdır ki, məni tənqid edənlər, heyəti müəyyənləşdirərkən səhv etdiyimi söyləyənlər nədənsə, oyundan öncə və sonra Norveçi ictimaiyyətə zəif rəqib kimi qələmə verməyə çalışırdılar”.

Həmin kateqoriyadan