Robert Prosineçki: “Belə bir gündə uduza bilməzdik”

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirilmiş oyundan danışıb. Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:

“Komandamı yaxşı oyuna görə təbrik edirəm. Çətin oyun olacağını bilirdik. Norveç çox güclü komandadır. Amma futbolçularımız bu oyunda çox yaxşı top saxladılar. Üstünlük bizim tərəfimizdə olanda qol şanslarımız da var idi. Rəqibin ucaboy hücumçularının öhdəsindən gələ bildik. Biz bu bir xala layiq idik. Yaxşı oyun sərgilədik. Ədalətli nəticə oldu”.

Prosineçkinin sözlərinə görə, milli azarkeşləri üzmədi: “Bu gün Azərbaycan üçün vacib gündür. İlk dəfə təşkil olunan Avropa Oyunlarının açılış mərasimi də bu günə təsadüf etdi. Bilirdik ki, açılış mərasimindən sonra hamı bizim oyunumuza baxacaq. Belə bir gündə uduza bilməzdik. Fikrimcə, azarkeşlər də bizim oyunumuzdan razı qaldılar. Bu nəticəni Azərbaycan xalqına həsr edirik. Belə oyundan, belə nəticədən sonra evə dönmək çox xoşdur”.

Baş məşqçi milli üvlərinin çıxışına da toxunub: “Bu gün Əfran İsmayılov çox yaxşı oynadı. Onun gələcəkdə də belə oynayıb-oynamayacağını bilmirəm. Bizim növbəti rəqibimiz qrupun favoriti olan Xorvatiyadır. Hələ bu oyuna hazırlaşmaq üçün vaxtımız var. Cavid Hüseynov bu gün Malta ilə görüşdə çıxış etdiyi mövqedə deyildi. Amma onun da oyunundan razı qaldım”.

Prosineçki hücum xəttindən də razı qaldığını bildirdi: “Unutmayaq ki, bu gün çox güclü rəqibə qarşı oynayırdıq. Onlar doğma meydanda daha yaxşı oynayırlar. Düzdür, bizim hücum xəttimizdə problem var. Amma yeganə hücumçumuz olan Ruslan Qurbanovdan razı qaldım. O, çalışırdı, qol vəziyyətləri yaradırdı, müdafiəyə də kömək edirdi. Amma hücumçu axtarışımızı davam etdirəcəyik”.

Həmin kateqoriyadan