Rövşən Hüseynli: “Sürprizlə qarşılaşa bilərik”

Avropa çempionatının seçmə qrup mərhələsinə qələbə ilə start verən futzal millimiz bu gün Bakı idman sarayında keçirdiyi məşqlə Bakıdakı hazırlığını yekunlaşdırdı. Allsport.az xəbər verir ki, Bakıda Slovakiya yığmasına qarşı keçirilmiş oyun haqda danışan millinin qapıçısı Rövşən Hüseynli fərqli, bir qədər də qarışıq hisslər yaşadığını dedi:
 
“11 aydan sonra parket üzərində ilk rəsmi oyunumuza çıxdıq. Fərqli hisslər yaşadıq. Əlbəttə, bunun üzərinə də qələbəni əlavə etsək, bizim üçün yaxşı motivasiya oldu. Beynəlxalq arenada da ilk oyunumu məhz Slovakiya yığmasına qarşı keçirdiyimi nəzərə alsaq, bu komanda ilə hər dueldə sanki debüt edirəmmiş kimi bir hiss yaşayıram. Onu da qeyd edim ki, elə son rəsmi matçımızı da bu milliyə qarşı keçirmişdik. Ötən il Xorvatiyada üz-üzə gəlmişdik və 3:3 hesablı heç-heçə etmişdik”.

Qapıçı bu nəticənin komanda üzvlərinə təsirindən də danışdı: “Qələbə qazanmaq vacib idi. Komanda üzvlərində özünəinamı qaytarmaq baxımından nəticənin böyük təsiri oldu. Həm də qrup liderliyi uğrunda mübarizədə əsas rəqibimiz Slovakiya hesab edilirdi. Onları 4:1 hesabı ilə yenməklə bir addım önə keçdik. Nəticəni asan əldə etmədik. Xüsusilə də yaratdığımız təhlükəli epizodları realizə edə bilmədik. Rəqibin də qol epizodları oldu və bizim kimi onlar da bunu hesaba daşımaqda çətinlik çəkdilər”.

Təcrübəli qapıçı oyunun qırılma anı kimi Qalonun sona 2 dəqiqə qalmış vurduğu qolu qeyd etdi: “Həmin qoldan sonra rəqib hesabı bərabərləşdirmək üçün qapıçını meydan oyunçusu ilə əvəzlədi. Bu da bizim işimizə yaradı və səhvlərindən istifadə edib, daha 2 qol vurduq”.

Yunanıstanla oyuna yaxşı hazırlaşdıqlarını da bildirən Hüseynli Bakıdakı uğurlu nəticəni Afinadakı dueldə də əldə etmək istədiklərini vurğuladı: “Yunanıstan komandası ilə qarşılaşmasaq da, bir-birimizi tanıdığımızı deyə bilərəm. Çünki 3 ay əvvəl onların çempionu olan AEK klubu ilə üz-üzə gəldik. Millinin əsasını bu klubun oyunçuları təşkil edir. AEK-in baş məşqçisi isə həm də yığmanı çalışdırır. Yəni bu klubun oyun dəsti-xətti, istifadə etdiyi standartlar milli ilə eynidir.

Bunu Moldova-Yunanıstan görüşündə də gördük. Birəbir epizodlara girməyi, uzaq məsafədən qol vurmağı xoşlayırlar. Heyətlərində hündürboylu oyunçuları var. Müdafiədə boşluqlara yol verirlər. Bundan mütləq istifadə etməliyik. Əlbəttə, Yunanıstan Slovakiya millisi deyil. Ola bilsin, öz meydanlarında tam fərqli oyun izləyək, sürprizlərlə qarşılaşaq. İstənilən halda, səfərə bir məqsədlə yollanacağıq: 3 xal qazanmaq və qrupda birinci pillədə qərarlaşmaq”.

Həmin kateqoriyadan