“Sərhədçi” komandası çövkən üzrə ölkə çempionu olub

Bu gün Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən atüstü milli oyunu üzrə 4-cü Azərbaycan çempionatının qalibi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, çempionatda bürünc medal uğrunda görüşdə “Qarabağ Ağdam” və “Ağstafa” komandaları üz-üzə gəlib. “Qarabağ Ağdam” komandasının qapısına təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirən “Ağstafa” komandasının üzvü komandasının minimal hesablı qələbəsini təmin edib – 1:0. Bu qələbə sayəsində “Ağstafa” komandası Azərbaycan çempionatının bürünc medalına sahib olub.

Çempionatın finalında isə “Polad” və “Sərhədçi” komandaları qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə “Sərhədçi” komandası 4:2 hesabı ilə qalib gələrək Azərbaycan çempionu adını qazanıb. “Sərhədçi” komandasının heyətində Rauf Tahirov, Rəşad Həsənov, Samir Pirimov, Elçin Camallı və Tərlan Qurbanəliyev mübarizə aparıblar.

Kuboku qalib komandaya Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim edib. Mükafatlandırma mərasimindən sonra dövlət himni səsləndirilib və ölkə çempionatına yekun vurulub.

Ümumi mükafat fondu 50 min manat olan Azərbaycan çempionatının keçirilməsində məqsəd ölkənin qədim atüstü milli oyunlarının kütləviliyinin artırılması, atçılıq idmanının və milli atçılığın inkişaf etdirilməsi, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğidir.

Həmin kateqoriyadan