“Xəzər Lənkəran” İvanovu itirə bilər

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Qalin İvanov 3 klubdan təklif alıb. Allsport.az Apasport.az saytına istinadən xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.

Məlumata görə, 26 yaşlı futbolçunu Türkiyə PTT 1-ci liqasından 2 klub heyətində görmək istəyir. Onların artıq İvanova rəsmi təklif göndərdiyi də bildirilir. Klubların adı açıqlanmasa da, tərəflər arasında danışıqlar getdiyi istisna olunmur. Bununla yanaşı, bolqarıstanlının peşəkar karyerasına başladığı Sofiya “Levski”si də sabiq futbolçusunu geri qaytarmaq niyyətindədi. Onlar da yarımmüdafiəçiyə bununla bağlı müraciət ediblər.

İvanov isə “Xəzər Lənkəran”la 2015-ci ilin iyul ayına qədər müqaviləsi olduğu üçün təkliflərə heç bir cavab verməyib. Amma bolqar həmkarlarımızın yazdığına görə, əgər yarımmüdafiəçini heyətində görmək istəyən klublar onun transfer məbləğini ödəsə, Qalin “Xəzər Lənkəran”dan ayrıla bilər.

Qeyd edək ki, İvanov yay “transfer pəncərəsi”ndə cənub klubuna keçib. O, “ağ-yaşıllar”ın heyətində meydana çıxdığı 13 oyunda 3 qola imza atıb.

Həmin kateqoriyadan