Samir Zərgərov: Simurq” 4-cü yerə layiq deyil

“Simurq”un yarımmüdafiəçisi Samir Zərgərov klubun rəsmi saytına maraqlı açıqlamalar verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Samir, əvvəla son iki oyun haqqında fikirlərini bilmək istərdik. Komandada hansı dəyişiklər oldu ki, “Neftçi” və “Qəbələ” ilə çətin qarşılaşmalarda qələbə qazana bildik?
– Milli komandanın oyunları ilə əlaqədar yaranmış fasilədə məşqçilər korpusu bizi 5 günlük istirahətə buraxdı. Bildirdilər ki, hər şeyi unudub məşqlərə qədər vaxtınızı yaxınlarınızla keçirin, özünüzü yenidən toparlayıb, gəlin. Yığışdıqdan sonra “Neftçi” ilə oyunun hazırlıqlarına başladıq. İlk məşqdə baş məşqçi hamımızı bir araya gətirərək, qeyd etdi ki, artıq ötən oyunlarda nə olubsa, keçmişdə qalıb. “Neftçi” ilə matçda yenidən başlanğıc etmək lazımdı və bütün diqqətimizi bu oyuna yönəltməliyik. Görüşə qədər yaxşı hazırlıq keçdik və çıxıb, layiqli qələbə qazandıq. Oyuna baxan hər bir kəs də bildirdi ki, bu matçda qalibiyyətə layiqli tərəf biz idik. Bu 3 xal komandada özünəinamı bərpa etdi, böyük ruh yüksəkliyi yaratdı. Bu cür əhval-ruhiyyə ilə səfərə getdik. “Qəbələ” ilə səfər oyununun da çətin keçəcəyini bilirdik. Bu komandanın hər cür şəraiti, güclü futbolçulardan ibarət heyəti, çox yaxşı vəziyyətdə olan təbii ot örtüklü meydançaları var. Bizim komandamızda da texnikalı futbolçular üstünlük təşkil edir. Ötürmələrlə oyunu qurmağa çalışan kollektivimiz var. Bu cür meydanda hər bir futbolçu nəyə qadir olduğunu göstərməyi bacarır. Oyuna gəldikdə isə çox sürətli və qol vəziyyətləri ilə bol bir qarşılaşma oldu. Hesab edirəm ki, bu matçda da layiqli qələbə qazandıq. Kamran Ağayev qapısında diqqətli olmasaydı və biz bir çox vəziyyətdən faydalı yararlansaydıq, hesab böyük də ola bilərdi. Bir şeyi də vurğulayım ki, həqiqətən də meydança hər birimizə oynamaq üçün əlavə stimul verirdi. Arzulayıram ki, çempionatda hər bir komandamızın bu cür ideal ot örtüklü stadionları olsun.

– “Simurq” hazırda 17 xalla turnir cədvəlində dördüncü pillədədir. Səncə, komanda bu nəticəni haqq edirmi? Daha yaxşı yerdə ola bilərdiz, yoxsa daha yaxşı yerdəsiz?
– Düşünürəm ki, bizim hazırkı yerimiz dördüncü pillə deyil. Bəzi oyunlarda yersiz xal itirməyimiz bu nəticəyə səbəb olub. Hesabda öndə olarkən məğlub olduğumuz oyunlarda itirdiyimiz xalları toplasaq, görərik ki, daha yaxşı yerdə olmalıydıq. Ən azından indiki vəziyyətdə turnir cədvəlində ikinci pillədəydik. Ancaq bu futboldu. Hər bir komanda müəyyən dövrdə eniş yaşayır. İnanıram ki, bu mərhələni artıq geridə qoyduq. İnşallah, bir də bu vəziyyətə düşmərik. Növbəti oyunlarda son iki görüşün davamını gətirsək, ən azından Avroliqaya vəsiqəni təmin etmiş olacağıq. Qarşımıza qoyulan əsas məqsəd də budu. Allahın köməyilə rəhbərliyə, klub azarkeşlərinə, özümüzə bu uğuru qazandırarıq. Ölkəmizi Avropada “Simurq”un adından təmsil edərik.

– Sizi qarşıda daha bir çətin rəqiblə görüş gözləyir. Son çempion və turnir cədvəlinin lideri olan “Qarabağ”la oyun haqqında nə deyərdin? “Simurq” bu matçda da qələbə seriyasını davam etdirə biləcəkmi?
– Hazırda bir reallıq var ki, hər kəs bu dəqiqə “Qarabağ”ın ölkənin bir nömrəli klubu olduğunu deyir. Göstərdiyi nəticələr də bunun sübutudu. Bu komandanın üstünlüyü ondadı ki, iki fərqli heyətə malikdi. Bir 11 nəfər Avroliqadakı matça çıxacaqsa, daha fərqli bir heyət başqa komanda ilə görüşə çıxa bilər. Ancaq bir reallıq da odu ki, hər bir komandanı Zaqatalada çətin oyun gözləyir. Bu mövsüm doğma azarkeşlər önündə bir görüşdə məğlub olmuşuq. İnşallah, həmin oyun son olar. Hesab edirəm ki, çox maraqlı bir qarşılaşma olacaq. Var gücümüzlə çalışacağıq ki, qələbələrin ardı gəlsin. Son iki oyunda qazanılan altı xal hər şey demək deyil. Etməli olduğumuzu etmişik. Əgər biz Avroliqaya vəsiqə qazanmaq istəyiriksə, bu oyunlarda qalib gəlməliyik, həmçinin “Qarabağ”ı da məğlub etməliyik. Bacardığımız qədər bütün matçlardan xalla ayrılmalıq ki, mövsümün sonunda yaxşı nəticə əldə edək. Həm rəhbərliyimizi, həm azarkeşlərimizi sevindirək, həm də əziyyətimizin bəhrəsini görək.

– Hazırda əsas heyətdə sabit oynayan futbolçulardansan. Son on üç tura əsasən öz oyununu necə dəyərləndirərdin?
– Futbol elə bir idman növüdür ki, qələbə qazananda hamı yaxşı oynayır, məğlub olanda isə bütün komanda. Qalibiyyət zamanı etdiyin səhvlər gözə çarpmır. Futbolçunun oyununun əsas göstəricisi qazanılan nəticədi. İnşallah, sona qədər komandama kömək edərəm. Məşqçim mənə inanır, güvənir. Çalışıram ki, onun yanılmadığını sübut edim, öz mövqeyimi kiməsə verməyim. Heç kəsə zədələnməyi arzulamıram. Mən də Allahın köməyi ilə heç bir zədəsiz, problemsiz mövsümün sonuna qədər sabit oynayaram. İlk vaxtlar komandaya uyğunlaşmağa çalışırdım. Karyeramın son üç ilini “İnter”də keçirmişdim. Bu komanda tam başqa sistemdə oynayır. Qıraqdan belə hesab etməsələr də, “Simurq”da hər şey tam fərqlidi. İki fərqli məşqçidi, iki fərqli taktikadı. Artıq hər şey qaydasındadı. Ümumən qarşılaşmaları özüm üçün analiz etdiyimdə, bəzi məqamları çıxsaq, oyunumdan razıyam. Daha yaxşı olmaq üçün məşqlərdə çalışıram.

– Futbolçu olaraq Samir Zərgərovun hazırda qarşısına qoyduğu məqsəd nədi?
– Ötən mövsüm zədədən əziyyət çəkdim və Premyer Liqada çox az oynadım. Ancaq bu il tam sağalmışam və “Simurq”un uğurları üçün mübarizə aparıram. Futbolçu olaraq məqsədim, hazırda bu komandanın heyətində heç bir kəsin qazana bilmədiyi nəticələri qazanmaqdı. “Simurq”un tarixinə düşən oyunçulardan biri olmaq istəyirəm.

– “Simurq”a gəldikdən sonra yeni komandana, ab-havaya öyrəşməkdə çətinlik çəkmədin?
– Əvvəlcə çətinlik olurdu. Ancaq indi qeyd etdiyim ki, hər şey qaydasındadı. Komandaya tam uyğunlaşmışam. Gündəlik məşqlərimi edib, oyunlara hazırlaşıram.

– Ailəsi ilə birlikdə Zaqatalada yaşan tək-tük yerli futbolçulardansan. Burada yaşamaq səni darıxdırmır?
– Elə də çox darıxmıram. Bu, futbol həyatıdı. Bir gün Bakıdasan, bir gün də hansısa regionda. Zaqatala da ölkəmizin inkişaf etmiş şəhərlərindən biridi. Yaşamaq üçün hər cür şərait var. Darıxmağa heç vaxtım da olmur. Məşqlərdən, oyunlardan imkan olduqca ailəmlə Zaqatalanın, yaxın şəhərlərin gəzməli yerlərinə gedirəm, istirahət edirəm.

– Azarkeşlərlə münasibətin necədir?
– Münasibətim çox yaxşıdı. Komandamızı hər oyunda dəstəkləyirlər. “Qəbələ” ilə oyunda belə saylarının az olmalarına baxmayaraq, bizi tək qoymadıqlarını hiss etdirə bildilər. Hər birinə “çox sağ ol” deyirəm. İnşallah, sona qədər bizimlə olarlar. Xüsusən də, “Qarabağ”la oyunda onlara çox ehtiyacımız var. Stadionu tam dolduracaqlarına inanıram.

Həmin kateqoriyadan