AFFA-nın “inkişaf strategiyası”nın gizlinləri: Dövlət layihəsindən ancaq onlar bəhrələnəcək

Azərbaycan futbol federasiyaları assosiasiyasının işi cəncəldir: 70 səhifəlik inkişaf strategiyası hazırlatdırıb, amma özü bilmir ki, haradan başlayıb haradan bitirsin. Hədəfi ağılla deyil, pulla götürən futbol başbilənləri dövlət gəlirlərini şəxsi məqsəd üçün səpələməyə başlayıblar. Mal-mülk üstündə dava olduğu kimi, pul üstündə də savaş gedir. Çünki onu hamıya paylamayıblar, ancaq özlərinə yaxın bildikləri mirzələrə. Belədə, Füzulinin “Padşahi-mülk”ünə bənzər – həm özüləri fani olublar, həm ləşkərləri, həm kişvərləri. AFFA prezidenti Rövşən Nəcəfi öz ədalətli təşəbbüsündən yayındıran işbazlar, görünür, gərginlikdə maraqlıdırlar. Çünki belədə, uğurzuluğu gizlətmək və maliyyəni istənilən səmtə yönəltmək asan olur.

Əslindəysə, gerçəkdən futbolun inkişafını düşünənlər hər incə məqamı nəzərə alıb istiqamət üzrə medianın da (allsport.az futbol saytı deyil – red) inkişafını düşünməliydilər. Bəllidir ki, Media inkişaf agentliyi layihə çərşivəsində idman saytlarına da maliyyə yardımı ayırır. Bu say ildən-ilə azalsa da, zamanında bu təşəbbüsdə bulunan gənclər və idman nazirliyi sonda istənilən nəticəyə nail olaraq, idman mətbuatına öz böyük tövhəsini vermişdi. Müsabiqələrə düşən və sonradan yerini itirən, imkanı sabit olan bir neçə digər sayta əlavə yardım edib itmiş tarazlığı bir qədər də pozmaqdansa, çiçəklənmədə olan 10-12 sayta bu maliyyə dəstəyi göstərilməliydi.

Yayılan söz-söhbətə görə, AFFA aylıq 500-1500 manat pul ayırıb. Məbləğ az deyil. Onu müəyyən şərtlərlə, məsələn, orta həcmdə (1 əməkdaş cəlb etməklə) həmin KİV-ə yönəldilsəydi, futbol mediasında daha canlanma olardı. Yerdə qalan vəsait isə, redaksiyası olanlar (idman yazarı yetişdirənlər) arasında aylıq bölüşdürülməliydi. Belədə, yeni, zəhmətkeş, sağlam düşüncəli və istedadlı futbol jurnalistləri nəslinin yetişməsinə təkan verilərdi. Təzə AFFA nə etdi? İnkişaf üçün heç bir şərt irəli sürmədən güclülərin əlini bir qədər də gücləndirdi.

Hazırda durum belədir: “Qarabağ” – uzun illərdir idman mətbuatına iri miqyaslı dəstək verən futbol klubudur. Rəhbərlik bu məsələdə dövlətyönlü mətbuatı da nəzərədən qaçırmır. Türkiyəli qardaşlarımız xeyli müddətdir GİN ilə isti münasibətdədir. Ümumən, Ağdam komandasında hər şey şəffafdır. “Sabah” və “Neftçi” də əməkdaşlığı qaydalar çərçivəsində edir. “Bayquşlar” bir qrup futbol saytını maliyyələşdirir. Həmin media AFFA-nın da sözü gedən siyahısında var. “Turan Tovuz”, “Zirə”, “Sumqayıt” və “Araz Naxçıvan” gizli sövdələşməyə üstünlük verib. “Səbail”, “Şamaxı” və “Kəpəz”in saytlarla tərəfdaşlığı olmadığı üçün, ən çox tənqid olunan komandalardır.

Nəzərinizə çatdıraq ki, bəzi futbol məşqçilərinin də özünə sərf edən mətbuata ayırdığı büdcə var. Bir qrup imkanlı futbolçu da yeri gələndə, istiqamət üzrə təcrübəli yazarları “görüb-baxım” edir. Reklam adı ilə maliyyə dəstəyini “Etopaz” və “Misli” mərc şirkətləri də göstərirlər. Göründüyü kimi, futbol mətbuatı bu anlaşmalarla müstəqil şəkildə fəaliyyət göstərirlər. AFFA yanında media komitəsi ilə gənclər və idman nazirliyi idman mediasının birləşməsinə cəhd etsələr də, bu alınmayıb. Hazırda rəsmi qurumlardan maliyyələşməyən idman saytlarının güclənməsi üçün münbit şərait yaransa da, “Boz ev” bəzi klublarla yanaşı məkrli siyasət yürüdərək, yalnız iri dalğanın qarşısını almaqda israrlıdır. AFFA-nın inkişaf strategiyasının yalnız layihədən ibarət olduğu kimi, media planı da müəyyən maraq üzərində qurulub.

Həmin kateqoriyadan