AGF-in baş katibi ABŞ-də təcrübə mübadiləsində

AGF-in baş katibi ABŞ-də təcrübə mübadiləsində

Azərbaycan güləş federasiyası (AGF) ABŞ-də beynəlxalq əməkdaşlıq imkanlarını araşdırıb. Allsport.az xəbər verir ki, AGF-nin baş katibi Pərvin Piriyev sözügedən ölkədə işgüzar səfərdə olub. Səfərin əsas məqsədi güləşin inkişafı, milli komandaların hazırlıq sisteminin təkmilləşdirilməsi və idman idarəçiliyi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsidir.

Səfər çərçivəsində Kolorado Sprinqs şəhərində ABŞ güləş federasiyasının nümayəndələri ilə görüş keçirilib. Görüşdə iki ölkənin güləş federasiyaları arasında əməkdaşlığın genişləndirilməsi, idmançı və məşqçi hazırlığı, həmçinin qarşılıqlı təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Baş katib ABŞ olimpiya təlim mərkəzində idmançıların hazırlıq sistemi, müasir məşq metodologiyaları və idman infrastrukturunun fəaliyyəti ilə tanış olub. Xüsusilə fiziki dözümlülüyün artırılması, idmançıların funksional hazırlığının təkmilləşdirilməsi və çəki salma prosesinin müasir, elmi əsaslandırılmış metodlarla təşkili mövzularında keçirilən seminarlarda iştirak edib. Bu sahələrdə əldə olunan təcrübənin Azərbaycan güləşçilərinin hazırlıq prosesində tətbiqi imkanları diqqət mərkəzində olub.

Səfərin Vaşinqton mərhələsində isə ABŞ nümayəndələr palatasında, Corc Meyson universitetində və digər qurumlarda görüşlər keçirilib. Görüşlər zamanı idman menecmenti, gənclər idmanının inkişafı, idmanın iqtisadi inkişafdakı rolu və müasir idarəetmə modelləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfər Azərbaycan güləş federasiyasının beynəlxalq əlaqələrinin gücləndirilməsi, milli komandaların hazırlıq keyfiyyətinin artırılması və güləşdə müasir elmi-praktik yanaşmaların tətbiqi baxımından əhəmiyyət daşıyır.

Səfər ABŞ konqres kitabxanası tərəfindən dəstəklənən və ABŞ-nin Azərbaycandakı səfirliyi ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən “Open vorld” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” (Economic Development through Sports) layihəsi çərçivəsində təşkil olunub. Proqramda Azərbaycan güləş federasiyası ilə yanaşı, Azərbaycan su idmanı növləri federasiyası, Azərbaycan üzgüçülük federasiyası, Azərbaycan oxatma federasiyası və Azərbaycan minifutbol federasiyasının rəhbər şəxsləri də iştirak ediblər.

Həmin kateqoriyadan