- Baxış sayı: 51
- 27 Oktyabr 2026 23:21
- Baxış sayı: 70
- Oktyabr 25, 2026
- 0

Azərbaycanlı mütəxəssis rəqiblərin təhlilində süni intellektin imkanlarını təqdim edib.
Allsport.az xəbər verir ki, oktyabrın 25-26-da Astanada dünya güləş birliyinin (DGB) elmi komissiyasının illik iclası və elmi simpozium keçirilib.
Beynəlxalq tədbirdə Azərbaycan güləş federasiyasının (AGF) strateji inkişaf və analiz şöbəsinin mütəxəssisi Murad Cabbarov rəqiblərin təhlilində süni intellektin rolu mövzusunda çıxış edib. Təqdimat zamanı AGF tərəfindən yaradılmış analiz platforması nümayiş olunub.
DGB-nin büro üzvü və elmi komissiyasının sədri Buyandelger Pelje, Özbəkistan idman universitetinin professoru Fikrət Kərimov, Türkiyəli idman mütəxəssisi və professor Ramazan Savranbaşı, Ukrayna milli bədən tərbiyəsi və idman universitetinin professoru Georgi Korobeynikov, həmçinin beynəlxalq güləş tədqiqatçıları şəbəkəsinin (İNVR) təsisçisi və direktoru Devid Körbi platformanı yüksək qiymətləndiriblər. Onlar bu texnologiyanın güləşin inkişafına, rəqəmsal həllərin və süni intellektin idmana inteqrasiyasına geniş imkanlar yaratdığını vurğulayıblar.
DGB prezidenti Nenad Laloviçin də iştirak etdiyi simpoziumda güləşin inkişafı, idmançıların hazırlıq prosesi və müasir texnologiyaların idmanda tətbiqi ilə bağlı aktual məsələlər müzakirə olunub.
İştirakçılar olimpiya təsnifat sistemi, güləşdə qərarvermə, rəqiblərin təhlilində süni intellektdən istifadə, texniki fəndlərin öyrədilməsində rəqəmsal texnologiyaların rolu və idmançıların fiziki göstəricilərinin izlənilməsi barədə fikir mübadiləsi aparıblar.