Arslanbəy Mahmudov: Rusiya millisində məşqçilərə maraqlı deyildim

«Allah məsləhət bilsə, Rio Olimpiadasına mən yollanacağam»

Boksçulardan ibarət milli komandanın ən ağır çəkisində güclü rəqabət var. Hamıda hədəf eynidir: gələn il Braziliyada keçiriləcək «dördillik»də mübarizə aparmaq. Amma hər çəkiyə yalnız bir lisenziya verilir. Belədə, boks həvəskarlarını bir sual çox düşündürür: Rio Olimpiadasına kim gedəcək? Komandanın ən titullu rinq ustası Məhəmmədrəsul Məcidov, yoxsa, son zamanlanlar «Bakı Fires»in heyətində parlaq qələbələr qazanan Arslanbəy Mahmudov. Bu günlərdə allsport.az saytının əməkdaşı adı son çəkilən boksçu ilə görüşüb, hazırkı durumu və gələcək planlarını öyrəndi.

– Komandamın imkanlarını yaxşı qiymətləndiririəm. «Bakı Fires» Ümumdünya Boks Liqasında 3-cü yerdə qərarlaşıb. Hazırkı vəziyyət ona növbəti mərhələyə çıxmaq şansı verir. Ümidvaram ki, öhdəmizə düşən vəzifəni yerinə yetirəcəyik.

– Rusiya millisinin üzvü olmusunuz. Deyəsən, orada uğurlu karyera alınmadı.
– Rusiya yığmasında mənim şansım yox idi. Baxmayaraq ki, mötəbər yarışlarda iştirak etmişdim. Səbəb mənə aydın deyildi. Ola bilər, mənlik olub. Ya da məşqçilik. Çox faktlar var ki, indi onu açıqlamaq istəmirəm. Kobud desəm, alınmadı. Onlara maraqlı deyildim. Müəyyən səbəblər vardı: anlamağa başlamışdım.

– Hər halda, şimal qonşumuz dünya boksunda favoritlərdən sayılır. Necə oldu ki, oranı tərk edib, Azərbaycanı seçdiniz?
– Burada mənə yaxşı şərait yaratdılar. Normal məvacib alıram. Rusiyada «ikinci nömrələr» nəzərdən keçiriləndə belə, mənə şansım yox idi. Favorit sayılmırdım. Azərbaycan çalışan məşqçini çoxdan, hələ buraya gəlməzdən əvvəl tanıyırdım. Rusiyada məşqçim də pis deyildi. Sadəcə, onun ortaq məxrəcə gələ bilmirdim. Nuripaşa Talıbovla ümumi dil tapıram. Hər şey qaydasındadır. O, mənə nə lazım olduğunu yaxşı bilir, hansı istiqamətdə inkişaf etdirilməyimi görür. Başqa bir məqam, hər 2 ölkənin bir-biri ilə yaxın olmasıdır. Mən özüm Dağıstanda doğulmuşam, qafqazlıyam. Torpağımız birdir. Evə gedəndə, çətinlik çəkmirəm. Yol yaxındır. Azərbaycan iqlim baxımından da mənə yaxındır. Burada mənə güvənir, dəstək olurlar.

– Hər bir idmançının arzusu olimpiya oyunlarında iştirak etməkdir. Əksər legionerlər yeni komandalarında onlara meydan veriləcəklərinə əminlik duyurlar. Vəziyyətinizdən gileyləmədiniz. Demək, ən böyük hədəfə yaxınsınız.
– Mən hesab edirəm ki, şans həmişə var. Amma insan gərək başını aşağı salıb öz işini mükəmməl səviyyədə görsün. Şansı olacaq, olmayacaq, bunu düşünməsin. O yalnız bacarığına güvənməlidir. Əgər bu, indi onun qisməti deyilsə, alınmayacaq. Amma belədə, ruhdan düşməməli, mübarizəni davam etdirməlidir. Allah məsləhət bilsə, Rio Olimpiadasına mən yollanacağam.

– Millidə «bir nömrəli» boksçu sizin çəkidə çıxış edən Məhəmmədrəsul Məcidovdur. O, komandanın lider olmaqla yanaşı, ən titullu boksçusu sayılır. Amma son zamanlar zədələr onu daba-daban izləyir. Belədə yüksək hazırlıq formasından uzaqlaşıb. Demək, sizə yaxşı fürsət düşüb. Hesab etmirsiniz ki, mövcud vəziyyət də xeyrinizə işləyir?
– Məhəmmədrəsul Məcidov yaxşı boksçudur. O, karyerasında çox şeyə nail olub. Mən də, öz növbəmdə, olimpiya oyunlarına düşməyə çalışıram. Bu, hər bir idmançıda olduğu kimi, mənim də arzumdur. Şansım var. Başa düşürəm ki, bunu gerçəkləşdirə bilərəm.

Həmin kateqoriyadan