Avropa yeniyetmələrinin yay olimpiya festivalı iştirakçıları ilə görüş

Milli olimpiya komitəsində Avropa yeniyetmələrinin XVI yay olimpiya festivalı iştirakçıları ilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, yarışların əhəmiyyətini xüsusi qeyd edib: “Təcrübə onu göstərir ki, əsasən Avropa yeniyetmələrinin yay olimpiya festivalında fərqlənən idmançılar, sonra olimpiya oyunlarında da eyni əzmkarlıqla qələbə qazanırlar”.

Avropa yeniyetmələrinin XVI yay olimpiya festivalının missiya rəhbəri Vaqif Əliyev Slovakiyanın Banska Bıstritsa bölgəsində keçiriləcək festival haqda tədbir iştirakçılarına məlumat verib. Festivalda 50 iştirakçı ölkə, 10 idman növü üzrə 4000-ə yaxın 13-18 yaş həddində olan yeniyetmə idmançılarla iştirak edəcək. Festivalının rəsmi açılışı 24 iyul, bağlanış mərasimi isə 30 iyul tarixlərinə təsadüf edir.

Azərbaycan idmançılarının yüngül atletika, tennis, üzgüçülük, velosiped, cüdo, badminton, gimnastika idman növlərində təmsil olunacaqlarını bildirən missiya rəhbəri olimpiya kəndinə dair məlumatlarla yanaşı, tibbi xidmət, nəqliyyat və başqa texniki məsələlər haqda tədbir iştirakçıalrına məlumat verib.

Sonra MOK-un marketinq idarəsinin əməkdaşı Səkinə Vəliyeva festivalında OCEP məktəblilərinin iştirakından danışıb. Qeyd olunub ki, OCEP layihəsi çərçivəsində iştirakçılar üçün qurulacaq pavilyonda ölkəmizi Y. Kovalyov adına 229 saylı tam orta məktəbin şagirdləri təmsil edəcək.

AMADA-nın təhsil şöbəsinin müdiri Lalə Haciyeva isə, yeniyetmə idmançılara antidopinq istiqamətində mövcud qaydalardan həmçinin onların hüquq və vəzifələrindən bəhs edib. Sonda xatirə şəkili çəkdirilib.

Həmin kateqoriyadan