Bakı Şəhər Halqası əməkdaşının tibbi məruzəsi FİA tərəfindən yüksək qiymətləndirilib

Bakı Şəhər Halqası əməliyyat şirkətinin tibb idarəsinin direktor müavini Vaqif Nəbiyev Sankt-Peterburqda Beynəlxalq Avtomobil Federasiyasının baş assambleyası çərçivəsində “Tibbi sammit və baş tibb mütəxəssisləri üçün seminar”da məruzə ilə çıxış edib. Allsport.az saytı xəbər verir ki, tədbirdə  bir sıra gündəmli mövzular ilə yanaşı, əsas olaraq antialkoqol qaydaları və həyat üçün təhlükəli zədələrin müzakirəsi aparılıb və təcrübi məşğələlər keçirilib.

Toplantıda həmyerlimiz “Yol qəzaları səhnəsində tənəffüs yollarının bərpası üsulları” mövzusunda çıxış edib. Xəstəxanadan kənar, bilavasitə qəza hadisəsi yerində müxtəlif krikotiroidatomiya üsulları nəzərdən keçirilib. Bildirilib ki, HALO və gücləndirilmiş çəpərlərə görə yarış zamanı sifət travması riskinin az olmasına baxmayaraq, kritik şəraitdə tənəffüs yollarının bərpası metodları öz aktuallığını itirməyib. Daim təcrübənin artırılması ümumilikdə təbabət praktikasında müsbət nəticələrə gətirib çıxardaraq hətta, nə vaxtsa, tək bir insan həyatını xilas edə bilər.

Sonda Vaqif Nəbiyevin məruzəsi tibbi sammit çərçivəsində ən maraqlı çıxışlardan biri hesab olunmuşdur və FİA tibbi komissiyasının prezidenti professor Cerard Saylond tərəfindən yüksək qiymətləndirilərək, məruzənin təşkilatın saytında yerləşdirilməsi qərara alınıb.

Qeyd edək ki, Vaqif Nəbiyevin təqdimatı azərbaycan dilinə tərcümə olunacaq və Azərbaycan qran-prisində iştirak edəcək təcili yardım həkimlərinə yarış vaxtı və gündəlik həyatda qəza zamanı bu üsuldan istifadə etmələri üçün təqdim edilərək təlimlər təşkil olunacaq. Dünyanın 50 ölkəsindən 300-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə FİA-nın prezidenti Jan Todt, dünyanın bir çox ölkələrinin avtomobil federasiyalarının rəhbərləri qatılıblar.

Həmin kateqoriyadan