“Əgər futbolçularımız Türkiyənin 2-ci liqasında özlərini göstərə bilmirlərsə…”

Azərbaycan millisinin sabiq baş məşqçisi İqor Ponomaryov azerisport.az saytına müsahibəsində Bakıya səfəri eləcə də Eddi İsrafilovun Azərbaycan yığmasında oynayacağından danışıb. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Bakıya gəldiyiniz gün mətbuatda klublardan biriylə danışıqlar apardığınız yayıldı…
– Mən buna artıq öyrəşmişəm. Almaniyada idim, sonra bilet alıb Bakıya gəldim. Səfərimdə məqsəd istirahətdir. Dincəlmək istəyirəm. Heç bir klubla danışıq aparmıram. Çünki, təklif yoxdur. Bakıya gələndə hər dəfə mətbuat məni yeni kluba baş məşqçi göndərir. Yəqin işləməyimi istəyirlər. Hazırda təyinatımla bağlı xəbərlər şayiədir.

– Milli komandamız xorvat Robert Prosineçkiyə tapşırıldı. Müəyyən müddət ərzində məşqçi həm çempionatı, həm də birinci diviziondakı matçları izləyir. Prosineçkinin təyinatından nə gözləyirsiniz?
– Bu təyinatı şərh etmək istəməzdim. Hər halda hər şeyi zaman göstərəcək. AFFA qərarını verdi. Biz hər zaman yığmamıza inanırıq. Komandanın necə olacağını oyunlar göstərəcək.

– İspaniyanın “Qranada” klubunda çıxış edən Eddi İsrafilov Azərbaycan millisində oynamağa razılıq verib. Sizcə, o, millini gücləndirə bilər?
– İlk olaraq etiraf edək ki, İspaniya La Liqası Azərbaycan çempionatıyla müqayisə oluna bilməz. La Liqa dünyanın ən güclü çempionatlarından biridir. “Qranada”da çıxış edən Eddini millinin futbolçuları yaxşı qarşılasa, onda güclənə bilərik. Futbolçular arasında münasibət normal olmalıdır. İsrafilov ilk dəfə millidə oynayacaq. Mehribançılıq olsa, müəyyən mənada komandaya kömək edəcək.

– Türkiyə ikinci liqasında çıxış edən Rəhman Hacıyev “Neftçi”yə gəldi. Vaqif Cavadovun da vətənə qayıtması gözlənilir. Sizcə, futbolçularımız ikinci liqada belə qala bilməməsinin səbəbi nədir?
– Bunun səbəbi sadədir. Etiraf etmək lazımdır ki, bu gün ölkə futbolunun səviyyəsi çox aşağı düşüb. Əgər futbolçularımız qonşu ölkənin ikinci liqasında özlərini göstərə bilmirlərsə, buna başqa ad vermək olmaz. Reallıq budur. Ona görə legionerlərimiz yox dərəcəsindədir. Hər bir ölkənin millisini xaricdə oynayan futbolçular gücləndirir. Ancaq bizdə legionerlər yoxdur.

– Ölkə futbolunun səviyyəsı aşağı düşürsə, “Qarabağ” uğurlu çıxışını davam etdirə biləcək? “Neftçi” qrupa düşəndən sonra ikinci dəfə uğuru təkrarlaya bilmədi. Ağdam təmsilçisi yeni mövsümdə də qrupa düşə bilərmi?
– “Qarabağ” Avroliqada çox gözəl çıxış etdi. Bu komanda hamını sevindirdi. Yeni mövsümdə futbolçuların yaşının üstünə yaş gəlir. Oyun dəyişir. Sözsüz, futbolçular da bizim kimi yenidən həmin hissləri yaşamaq istəyir. Amma bir qədər çətin olacaq. Bununla belə, “Qarabağ”a inanıram. Artıq bütün rəqiblər onlara qarşı xüsusilə hazırlaşacaq.

– “Bakı” klubunun vəziyyətindən xəbəriniz var. Klub rəhbərliyi ilə son aylar görüşünüz olubmu?
– “Bakı”nın prezidenti Hafiz Məmmədovla son aylar görüşümüz olmayıb. Klubda baş verənləri mətbuatdan izləyirəm. İnanıram ki, tez bir zamanda problemləri həll edəcəklər. Ölkə futbolunun inkişafında “Bakı”nın öz rolu olub. Bu klubun gözəl bazası var. Problemlər həll olunsa komanda əvvəlki iddiasını qaytara bilər.

– Azərbaycanda son zamanlar əcnəbi məşqçilərə inam daha böyükdür. İşsiz qaldığınız günlərdə bu barədə düşünürsünüz?
– Nə demək olar? Yerli mütəxəssislərimiz Azərbaycan futbolunu daha yaxşı bilir. Hər zaman öz məşqçilərimiz də nəticə göstərib. İki dəfə Avroliqanın qrup mərhələsinə düşmüşük. Hər ikisində öz məşqçilərimiz olub. Sadəcə, yerli məşqçilərə düzgün qiymət verilməyəndə təəssüflənirəm.

Həmin kateqoriyadan