Karate millimiz Lüksemburqa hansı heyətlə yollanır?

Kişilərdən ibarət karate üzrə Azərbaycan milli komandasının əsas üzvləri Lüksemburqda beynəlxalq turnirdə iştirak edəcək. Allsport.az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Lüksemburqa yollanan heyətə “Bakı-2015” birinci Avropa Oyunlarında iştirak edən idmançılar cəlb olunub.

Milli komandanın baş məşqçisi, əməkdar məşqçi Rəhman Hətəmov Avropa Oyunlarından əvvəl karateçilərimizdən Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq) və komandanın kapitanı Şahin Atamova (84 kq-dan yuxarı) şans verib. Kata üzrə böyük məşqçi Vahid Ayvazov da sonuncu Avropa çempionatında beşincisi olan Tural Balcanlını yenidən sınaqdan çıxarmağı nəzərdə tutub.

Beynəlxalq hakimlər – federasiyanın vitse-prezidenti Yusif Məmmədov və hakimlər komitəsinin sədri Cahangir Babayev, baş məşqçinin köməkçisi, böyük məşqçi Rəşad Hüseynov, həmçinin operativ məlumatlar hazırlamaq üçün informasiya və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov da Lüksemburqa yollanan heyətdə yer alıblar.

Artıq bir neçə gündür ki, Qazaxıstan milli komandası ilə Bakıda məşqlər keçən karateçilərimiz məşhur ispaniyalı mütəxəssis Antonio Oliva Sebanın texniki və taktiki seminarında da iştirak ediblər. Qadınlardan ibarət karate üzrə milli komandamızın son hazırlıq yarışı isə mayın əvvəlində İstanbulda keçiriləcək nüfuzlu beynəlxalq turnir olacaq.

Həmin kateqoriyadan