Karateçilərimiz Dohadan 7 medalla qayıdırlar

Azərbaycan karateçiləri Qətərin paytaxtı Dohada 4-cü Beynəlxalq turniri 7 medalla başa vurublar. Allsport.az xəbər verir ki, yarışa yollanan 1-ci Avropa Oyunlarınının 8 iştirakçısı 7 final döyüşü keçirməklə 3 qızıl və 4 gümüş medala sahib olublar.

Firdovsi Fərzəliyev (-60 kq), Şahin Atamov (+84 kq) və Tural Balcanlı (kata) turnirin qalibi olublar. Ayxan Mamayev (-84 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva və Ədilə Qurbanova (kata) isə gümüş medal qazanıblar. Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında ilk pilləyə yüksəlib.

Mükafatlandırma mərasimində Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov və idmançılarımıza dəstək olmaq üçün yarışı izləyən Azərbaycanın Qətər dövlətində fövqəladə və səlahiyyətli səfiri Tofiq Abdullayev də iştirak edib. Bəşirov Abdullayevə, eləcə də yarışda iştirak edən digər ölkələrin karate federasiyaları rəsmilərinə AMKF-in 20 illik yubiley medalını və idmançılarımızın uğurlarından bəhs edən fotoalbom hədiyyə edib. Həmçinin qətərli həmkarları və qonaqlar Yaşar Bəşirova xatirə hədiyyələri bağışlayıblar.

Mayın 24-də Bakıya dönən milli komandamız ertəsi günü tam heyətlə Qəbələyə təlim-məşqlərə yola düşəcək.

Həmin kateqoriyadan