Konya-2021 İslam oyunlarının medalları təqdim olunub

Avqustun 9-dan 18-dək Türkiyənin Konya şəhərində 5-ci İslam həmrəyliyi oyunları keçiriləcək. Allsport.az saytı xəbər verir ki, mötəbər yarışda 56 ölkədən 24 idman növündə 483 dəst medal uğrunda mübarizə aparılacaq. Artıq medallar ictimaiyyətə təqdim olunub. Onun ön tərəfində yarışın loqosu ilə yanaşı, “Məram çiçəyi”nin təsvirinə yer verilib. Tarix boyu müqəddəs hesab olunan çiçək canlanmanı təcəssüm etdirir.

Mükafatın içində “Səlcuqlu ulduzu” həkk olunub. Bu da səkkiz fərqli özəlliyi özündə birləşdirir. Səkkiz ulduz cənnətin səkkiz qapıdan ibarət olmasına bir işarədir. Səkkiz, həmçinin özündə mərhəmət, şəfqət, səbir, sirr tutma, sədaqət, şükür, doğruluq və alicənablığı cəmləşdirir. Medalın ön hissəsini bərəkət rəmzi olan sünbül ünsürü tamamlayır. Medalın arxa hissəsində isə İslam Həmrəyliyi İdman Federasiyasının loqosu və sünbül yer alıb.

İdmançılar Konya-2021-də atıcılıq, atletika, basketbol (3×3), velosiped, gimnastika (idman, bədii, aerobika), futbol, qılıncoynatma, güləş, ağırlıqqaldırma, həndbol, cüdo, karate, kikboks, stolüstü tennis, kamandan oxatma, taekvondo, voleybol, üzgüçülük və milli oxçuluq növlərində çıxış edəcəklər. Paralimpiyaçılar isə atletika, stolüstü tennis, kamandan oxatma, boccia və üzgüçülükdə mübarizə aparacaqlar.

Azərbaycanın da qatılacağı 5-ci İslamida 2021-ci ilin sentyabrında keçirilməli idi. Koronavirus pandemiyası üzündən hazırlığın tam aparılması üçün, tədbirin 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam oyunları Səudiyyə Ərəbistanında keçirilib. 4-cü İslamiadaya Bakı ev sahibliyi edib.

Həmin kateqoriyadan