Millimizin rəqibləri gələn ayın 2-də bəlli olacaq

2016-cı ildə Serbiyada təşkil olunacaq futzal üzrə Avropa Çempionatının final mərhələsinin püşkatma mərasiminin vaxtı və yeri müəyyənləşib. Azerisport.az xəbər verir ki, ardıcıl dördüncü dəfə qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanan millimiz rəqiblərini oktyabrın 2-də Belqradda keçiriləcək tədbirdə tanıyacaq. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, növbəti AÇ-də turnirin ev sahibi Serbiya ilə yanaşı, İtaliya, Azərbaycan, Xorvatiya, Çexiya, Macarıstan, Qazaxıstan, Portuqaliya, Rusiya, Sloveniya, İspaniya və Ukrayna mübarizə aparacaq.

Əvvəlki qitə birinciliklərində olduğu kimi, 12 komanda yenə üç komandadan ibarət dörd qrupa bölünəcək. Qrup mərhələsi zamanı ilk iki yeri tutan ən yaxşı komandalar pley-offa vəsiqə qazanacaq.

Qeyd edək ki, AÇ-2016-nın final mərhələsinin oyunları fevralın 2-də start götürəcək və ayın 13-də yekunlaşacaq.

Həmin kateqoriyadan