“Neftçi” “Kəpəz”ə qalib gəldi, çempion “Qəbələ”yə yerini göstərdi

Bu gün Premyer Liqada 34-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, son turda “Neftçi”yə məğlub olan AzAL, bu dəfə növbəti paytaxt derbisində “Zirə” ilə üz-üzə gəlib. Tərəflərin hərəyə bir qol vurduğu oyunda qalib müəyyənləşməyib – 1:1. Bu oyunla eyni saatda Gəncədə “Kəpəz” “Neftçi”ni qəbul edib. Qarşılaşmada hesabı meydan sahibləri açsa da, paytaxt klubu əzmkar qələbəyə sevinib (2:1).

Medallar uğrunda mübarizə aparan digər komanda – “İnter” bu tur “Xəzər Lənkəran”ı qəbul edib. Paytaxt klubu rəqibini məğlub yola salmağı bilib – 2:1. Son pillədən yaxa qurtarmağa çalışan “Rəvan” isə bu dəfə “Sumqayıt”ın qonağı olub. Hesabı qonaqlar açsa da, ikinci yarıda oyunda dönüş yaradan sumqayıtlılar əzmkar qələbəyə imza atıblar – 3:1.

Nəhayət, turun qapanış matçında çempionluğu təmin etmiş “Qarabağ” mükafatlar uğrunda mübarizə aparan “Qəbələ”ni qəbul edib. Ağdam klubu bu dəfə də inamlı qələbəyə sevinib – 2:0. “Qarabağ”ın futbolçusu Dani Kintana isə vurduğu növbəti iki qolla çempionatın bombardiri Nelson Bonilyanı haqlayıb.

Həmin kateqoriyadan