Ölkə başçısı və xanımı “Xəyal adası”nda Qolf klubunun açılışında iştirak edib

Bu gün Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal adası” layihəsi çərçivəsində SABIS Sun Beynəlxalq məktəb kompleksinin və Qolf klubunun açılışında iştirak ediblər. Allsport.az saytı xəbər verir ki, şirkətin Müşahidə Şurasının sədri Abdulbari Gözəl dövlət başçısına “Xəyal adası”nda görülən işlərlə bağlı ətraflı məlumat verib.

Ölkə başçısı SABIS Sun Beynəlxalq məktəb kompleksinin rəmzi açılışını bildirən lenti kəsib. Sonra cənab prezident və xanımı “Xəyal adası”nın Qolf klubuna gəldilər. Binada idman avadanlığı mağazası var. Mağazada qolf oyunu zamanı istifadə olunan idman malları müştərilərə təqdim edilir. Bazanın tərtibatı müasirliyi ilə diqqəti cəlb edir. Binada qolf oyunçularının hazırlaşması, istirahət etməsi, komanda ilə birlikdə əylənməsi üçün bütün şərait yaradılıb. Sahəsi 5 min kvadratmetr olan Qolf klubunun yüksək zövqlə və keyfiyyətlə qurulması bir daha layihənin uğurunu nümayiş etdirir. Binada müasir səviyyədə yaradılan kafe və restoranlar qonaqların ixtiyarına veriləcək. Burada qonaqlara istər Avropa, istərsə də milli mətbəx nümunələrinin təamları təqdim ediləcək. Qolf klubunun binasındakı satış mərkəzi həm qolf, həm də layihə ilə maraqlanan müştərilərə xidmət edəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üzərində yerləşən “Xəyal adası”nın ərazisi 330 hektardır. Ərazi paytaxtın mərkəzindən 24 kilometr məsafədə yerləşir. Reallaşmasına 2013-cü ildən start verilən layihənin yüksək səviyyədə yerinə yetirilməsi və qısa zamanda tamamlanması üçün bütün qüvvələr səfərbər olunub.

“Xəyal adası”nda “ASAN xidmət” mərkəzi də yaradılacaq. Ən yüksək ekoloji standartlara uyğun olaraq inşa edilən “Xəyal adası”nda gələcəkdə müasir səhiyyə komplekslərinin yaradılması nəzərdə tutulub. Layihə çərçivəsində məktəb kompleksi, ticarət mərkəzləri, mehmanxana, beynəlxalq səviyyəli yarışların keçirilməsinə imkan verən Qolf Mərkəzi, göllər və peyzaj sahələri yaradılır. Burada 1 milyon kvadratmetrdən çox yaşıllıq sahəsi var. Ondan artıq süni göllə əhatə olunmuş ərazidə xüsusi ekosistem mövcuddur. Ən yüksək səviyyəli yaşayış standartlarını özündə birləşdirən “Xəyal adası” layihəsinin həyata keçirilməsi ölkəmizdə beynəlxalq turizmin və qeyri-neft sektorunun inkişafına da mühüm töhfə verəcək.

Qolf klubunun binasında Prezident İlham Əliyev bu idman növündə oynamağa gələn xarici ölkələrin nümayəndələri ilə görüşdü. Qonaqlar Qolf klubunda yaradılan şəraitdən razılıqlarını bildirdilər. Qeyd edildi ki, dünyanın bir çox yerindən iş adamları, müxtəlif peşə sahibləri ailələri ilə birlikdə Bakıya gəlir, burada həm qolf oynayır, həm istirahət edir, həm də vaxtlarını səmərəli keçirirlər. Qonaqlar qeyd etdilər ki, ölkəmizdə yaradılan idman infrastrukturu müasirliyi ilə seçilir.

Daha sonra Prezident İlham Əliyev Qolf klubunun dünyanın müxtəlif ölkələrindən olan üzvləri ilə və Qolf Akademiyasında təhsil alanlarla görüşdü. Onlar da burada qolf oynamaq üçün hərtərəfli şəraitin yaradıldığını dedilər.

Dövlətimizin başçısı və qolf üzrə üç dəfə Major kubokun sahibi Kolin Montqomerie qolf meydançasının rəmzi açılışını bildirən lenti kəsdilər.

Kolin Montqomerie bildirdi ki, burada yaradılan qolf sahəsi müasir dünya standartlarına cavab verir. Peşəkar Qolf Assosiasiyasının standartlarına tam uyğun olan və beynəlxalq təcrübə nəzərə alınaraq yaradılan qolf sahəsində 18 çuxur var. Ərazisi 65 hektar olan qolf sahəsindəki şərait beynəlxalq səviyyəli yarışların təşkilinə imkan verir. Burada yaradılan Qolf Akademiyasında kiçik yaşlarından başlayaraq uşaqlara peşəkarlar tərəfindən qolf öyrədiləcək, müxtəlif treninqlər keçiriləcək. Qolf Akademiyası gələcəkdə ölkəmizin adını bütün dünyada ləyaqətlə təmsil edəcək idmançıların yetişdirilməsində mühüm rol oynayacaq.

Həmin kateqoriyadan