- Baxış sayı: 133
- 20 Sentyabr 2026 12:54
- Baxış sayı: 201
- Sentyabr 17, 2026
- 0

Sahildən balıqtutma (surfkastinq) üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
Allsport.az xəbər verir ki, yarışda 4 balıqçılıq klubunu təmsil edən 35 iştirakçı mübarizə aparıb.
Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb. Nazir ölkəmizdə idmana və idmançılara göstərilən dövlət qayğısından, həmçinin su idman növlərinin son illərdəki inkişafından danışıb.
Rəsmi hissədən sonra Fərid Qayıbovun simvolik olaraq ilk spininqi suya atması ilə çempionata start verilib.
Beynəlxalq qaydalara uyğun keçirilən yarışda iştirakçıların 6 saat ərzində tutduğu balıqlar hakimlər tərəfindən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib.
Yarışın yekun nəticələrinə əsasən, Əhməd Məmmədov (Azərbaycan karpfişinq klubu) birinci, İlkin Umudov (Bakı balıqçılar klubu) ikinci, Fərman Abdulov (Bakı balıqçılar klubu) isə üçüncü olub.
“Big fish” mükafatına isə 40 santimetr uzunluğunda ən böyük balığı tutan İlkin Umudov layiq görülüb.
Qaliblər diplom, medal və digər hədiyyələrlə mükafatlandırılıb. Hakimlərə də peşəkarlıqlarına görə Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən diplomlar təqdim olunub.