Sambo federasiyası bəyanat: Erməni nazir müavininin mətbuata açıqlaması yalan və böhtanla doludur

Azərbaycan və Türkiyə millilərinin noyabrın 10-12-də Ermənistanın paytaxtı İrəvanda keçirilmiş sambo üzrə dünya çempionatında iştirak etməməsinin səbəbi KİV-ə yalan məlumat ötürülməklə çatdırılıb.

Allsport.az xəbər verir ki, bununla bağlı Azərbaycan sambo federasiyası bəyanat yayıb.

Bildirilib ki, Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Qiloyanın yerli mətbuata açıqlaması yalan və böhtanla doludur: “Azərbaycan sambo federasiyası beynəlxalq sambo federasiyası tərəfindən diskvalifikasiya olunmayıb. Buna bariz nümunə FIAS-a 18 oktyabrda göndərdiyimiz rəsmi məktubdur. Orada göstərilib ki, apreldə İrəvanda keçirilmiş ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan dövlət bayrağı yandırılıb. İdman dəyərlərinə sığmayan bu hərəkəti və idmançılarımızın təhlükəsizliyinin qoruna bilinməyəcəyini nəzərə alaraq yarışda iştirak etməyəcəyimizi bildirmişik”.

Bəyanatda qeyd olunub ki, Azərbaycan millilərinin diskvalifikasiya olunmamasını göstərən digər amil oktyabrın 6-8-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş yeniyetmə və gənclər arasında dünya çempionatında samboçularımızın iştirakıdır: “Ermənistan KİV-dən məlumatı yayarkən səhv məlumat yaymamağa, verilən istənilən açıqlamanı beynəlxalq qurumlar vasitəsilə dəqiqləşdirməyə çağırırıq”.

Həmin kateqoriyadan