“Xocalı Qlobal Promouşen-3” beynəlxalq peşəkar boks turniri

Sabah Mərdəkanda yerləşən “Dalğa Biç-Akva Park” istirahət mərkəzində “Xocalıya ədalət” şüarı ilə “Xocalı Qlobal Promouşen-3” beynəlxalq peşəkar boks turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Gürcüstan və İrandan olan idmançılar mübarizə aparacaqlar.
Bu gün tədbirlə bağlı mətbuat konfransı təşkil olunub. Şirkətinin prezidenti Ehram Məcidov yarış barədə məlumat verib. Federasiya rəsmisi turnirin keçirilməsində əsas məqsədin Xocalı soyqırımını dünya idman ictimaiyyətinə tanıtmaqdan ibarət olduğunu deyib:

““Xocalı Qlobal Promouşen” şirkəti, ilk növbədə, peşəkar idmanın inkişafı ilə məşğuldur. Əsas məqsəd Azərbaycanda bu idman növünü inkişaf etdrimək və xalqımızın başına gətirilən Xocalı soyqırımını dünya idman ictimaiyyətinə tanıtmaqdır. Təbii ki, bu yolda da bizim xüsusi təbliğat proqramımız var. Belə ki, şirkətimiz xarici və yerli idmançılara kitab şəklində hazırlanmış buklet təqdim edir. Həmin bukletlərin bir üzündə yarışda iştirak edəcək idmançıların fotoları, digər üzündə isə Xocalı faciəsi ilə bağlı ingilis dilində məlumatlar dərc olunur. Burada Xocalı faciəsində həlak olmuş insanların fotoları və ingilis dilində statistik məlumatlar (neçə qadın, neçə yaşlı və neçə uşaq) yerləşdirilib.

Gənclər və idman nazirliyinin dəstəyi ilə, eləcə də, Azərbaycan kikboksinq, kunq-fu, muay-tay, MMA və peşəkar boks federasiyalarının idmançıları bu yarışda iştirak edirlər. Onların sayı 7-didir. Bu dəfə peşəkar boksçularla bərabər, peşəkar K1, MMA, kunq-fu, muay-tay döyüşləri də olacaq.

Gələcəkdə “Xocalı Qlobal Promouşen”in filiallarını açılacaq və şirkətin inkişafı üçün çalışacağıq. Həmçinin dünya idmanının tanınmış simalarını Xocalı faciəsi ilə tanış edərək məlumatlandıracağıq”.

Qeyd edək ki, turnir pandemiya şəraitində olduğu üçün açıq havada təşkil olunacaq. Döyüşlər operativ qərargah tərəfindən təyin edilən qaydalar çərçivəsində həyata keçiriləcək. Həm yerli, həm də xarici iştirakçıların hər biri COVİD-19 testi verəcəklər. Yarış saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan