Zemfira Meftəhəddinovanın 60 illik yubileyi qeyd olunub

Allsport.az xəbər verir ki, bu gün MOK-un inzibati binasında stent atıcılığı üzrə Azərbaycanın olimpiya çempionu, MOK-un vitse-prezidenti və Azərbaycan atıcılıq federasiyasının vitse-prezidenti Zemfira Meftəhəddinova 60 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, olimpiya çempionları, veteran idmançılar, müxtəlif federasiyaların nümayəndələri və yubilyarın ailə üzvləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçılarına Zemfira xanımın idman karyerasından bəhs edən reportaj təqdim olunub. olimpiya çempionu, Litva olimpiya komitəsinin prezidenti Daina Gudzinevikiute, dünya çempionu, olimpiya oyunlarının gümüş mükafatçısı Svetlana Demina, dünya çempionu Valeri Timoxin və başqa tanınmış idmançıların həmçinin MOK əməkdaşlarının təbrik mesajlarından ibarət xüsusi videoçarxlar Meftəheddinovanı sevinc göz yaşlarına səbəb oldu.

Tədbirdə çıxış edən Çingiz Hüseynzadə Zemfira Meftəhəddinovanı beynəlxalq olimpiya komitəsi tərəfindən “The Vomen and Sport” mükafatı ilə təltif olunduğunu qeyd edib. Hüseynzadə Zemfira xanımı Azərbaycan idmanın ən görkəmli nümayəndələrindən biri hesab etdiyini bildirib: “Zemfira xanım, ömrü boyu bütün hədəfləri dəqiq nişan alıb, mən ümid edirəm ki, o bundan sonra da qarşısındakı bütün hədəfləri dəqiq nişan alacaq və həmişə qalib olacaq”. 

Gənclər və idman naziri Fərid Qayıbov da Zemfira Meftəhəddinovaya təbrik sözüni çatdırdı: “Zemfira xanımla son iki ildə daha yaxından tanış olmuşam. O, həm də çox yaxşı insandır, müstəqil Azərbaycanın ilk qadın Olimpiya çempionudur. İstərdim ki, onun qızı da olimpiya çempionu olsun. Zemfira xanımın çalışdığı sahədə də nailiyyətlərinin davam edəcəyinə inanıram”.

Bundan başqa, Azərbaycan cüdo federasiyasının icraiyyə komitəsinin üzvü Asif Əsgərov, MOK-un ədalətli oyunlar komissiyasının sədri Xəzər İsayev, olimpiya çempionları Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli, veteran idmançılar Yaqub Məmmədov, Rafiq Hacıyev, Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, stent atıcılığı üzrə məşqçi Nazim İbrahimov, əməkdar məşqçi İsmayıl İsmayılov, Azərbaycan milli karate federasiyasının prezidenti Yaşar Bəşirov, DİN-in əlbəyaxa döyüş növləri üzrə məşqçisi Rəsul Məmmədov da çıxış edərək, Meftəhəddinovanı təbrik ediblər.

Tədbirin təşkilini özü üçün böyük hədiyyə adlandıran Zemfira Meftəhəddinova, qazandığı nailiyyətlərə görə məşqçilərinə minnətdarlığını bildirib: “Mənim idmançı və bir insan kimi formalaşmağımda məşqçimin əməyi böyük olub. Burada əyləşənlərin hər biri mənim üçün əzizdir. Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Onların idmançılara qayğısı idmançılarımızın uğurlar qazanmasında müstəsna rol oynayır”.

Həmin kateqoriyadan