Əməkdar idman jurnalisti Əli Fərəcov dünyasını dəyişib

Azərbaycan idman mətbuatına ağır itki üz verib. Allsport.az saytı xəbər verir ki, tanınmış idman qəzetçisi , həyatının 25 ilini gənclər və idman nazirliyinin mətbu orqanı olan “İdman” qəzetinə və Bakı metropoliteninin rəsmi orqanı “Metro” nəşrinə həsr etmiş Əməkdar jurnalist Əli Fərəcov dünyasını dəyişib.

O, 1950-ci il martın 29-unda Bakının Maştağa qəsəbəsində anadan olub. Orta təhsili Sumqayıt şəhərində, ali təhsili Azərbaycan dövlət universitetinin filologiya fakültəsində alıb.

1978-ci ildə mətbuata gələn həmkarımız, həmin vaxt Əhaliyə məişət xidməti nazirliyi layihə-konstruktor institutunun informasiya şöbəsində tərcüməçi kimi çalışmaqla yanaşı, mətbuatda məqalələrlə çıxış edib. İlk yazıları “Xəzər dənizçisi”, “Bakı” qəzetlərində çap edilib. Eyni zamanda, radionun mədəniyyət redaksiyasında bir neçə veriliş hazırlayıb.

1979-cu il noyabrın 1-dən “Bakı metropoliteni” (1999-ci ildən “Metro” ) qəzetində işləməyə başlayıb. “Metro” qəzetində baş redaktor vəzifəsinədək yüksəlib. Onunla paralel, 1996-cı ildən “İdman” qəzetində çalışmağa başlayıb, redaksiyada 25 illik fəaliyyəti dövründə müxbir, məsul katib vəzifələrində çalışıb. 1998-ci ildə “Supersport” qəzetinin redaktoru olub.

İdman ictimaiyyəti və idmansevərlər arasında əsasən güləş, cüdo, boks, voleybol növləri ilə əlaqədar yazıları ilə tanınıb.

2009-cu ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülüb. Mərhum gənclər və idman naziri Azad Rəhimovun dəstəyi ilə yaradılan Azərbaycan İdman Jurnalistləri Federasiyasının təsisçilərindən olub.

Əli Fərəcovun əziz xatirəsi, onu sevənlərin, o cümlədən həmkarlarının və idman ictimaiyyətinin qəlbində daima yaşayacaq.

Məkanı Cənnət olsun!

Həmin kateqoriyadan