Atletika məşqçiləri üçün texniki kursa yekun vurulub

Allsport.az xəbər verir ki, beynəlxalq olimpiya komitəsinin olimpiya həmrəyliyi fondunun, dünya atletikasının dəstəyi, Azərbaycan milli olimpiya komitəsinin (MOK) və Azərbaycan atletika federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda atletika üzrə 1-ci dərəcəli məşqçilərin texniki kursuna yekun vurulub.

Kursun bağlanış mərasimində Azərbaycan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Baş Katib Azər Əliyev və Azərbaycan atletika federasiyasının prezidenti Cavid Qurbanov iştirak ediblər.

MOK-un beynəlxalq proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmənov MOK məşqçilərin bilik və bacarıqlarını voleybol, velosiped, atletika, badminton və digər idman növləri üzrə keçirilən kurslar haqqında ümumi məlumat verib.

Daha sonra çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, bu cür seminarların keçirilməsi qurum tərəfindən artıq ənənə halına çevirilib. 2016-cı ildən başlayan bu tipli seminarların keçirilməsi idmanın inkişafına, beynəlxalq dərəcəli məşqçilərinin yetişdirilməsinə, məşqçi və hakim heyətinin nəzəri və praktiki biliklərinin genişləndirilməsinə və bu yolnan peşakar idmançıların düzgün və savadlı şəkildə maarifləndirilməsinə kömək edir. Sonda Çingiz Hüseynzadə məşqçilərə uğurlar arzulayıb.

AAF-ın prezidenti Cavid Qurbanov isə bildirib ki, belə kursların keçirilməsi idmanda kütləvilliyin artırılmasına və regionlarda idmanın inkişafına öz tövhəsini verəcək. AAF prezidenti atletikanın inkişafı üçün və idmançılarımızın Azərbaycanı beynəlxalq arenalarda, olimpiya oyunlarında layiqincə təmsil etmələri və bayrağımızı zirvələrə qaldırmaqları üçün bütün şaraiti yaradacağını bildirib.

Nəzəri və praktiki hissələrdən ibarət olan təlimdə ümumillikdə 20 iştirakçıya BOK prezidenti Tomas Baxın imzası olan iştirakçı sertifikatları verilib. 20 nəfər iştirakçıdan 2 nəfəri təlimi uğursuz başa vurduqları üçün digər 18 nəfərə dünya atletikası tərəfindən 1-ci dərəcəli məşqçilik “LEVEL-1” dərəcəsini təsdiqləyən sertifikatlar təqdim olunub.

Sertifikatları MOK vitse-prezidenti Çingiz Hüseynzadə, AAF-nin prezidenti Cavid Qurbanov və MOK-un Baş Katibi Azər Əliyev təqdim edib.

Bundan əlavə olaraq, ən sonda Narxanım Fərəcli ən yaxşı nəticə göstərdiyinə görə dünya atletikası tərəfində “Seiko” markalı saniyəölçən hədiyyə olunub.

Həmin kateqoriyadan