“Azərbaycanda demək olar ki, oynamırdım”

Ukraynalı futbol mütəxəssisi, vaxtilə “İnter”in də şərəfini qorumuş Sergey Konovalenko, yerli mətbuata müsahibə verib. Allsport.az xəbər verir ki, o, həmyerlisi Roman Qriqorçukun “Qəbələ”dəki fəaliyyəti, habelə paytaxtımızda keçirdiyi 1 mövsüm haqda fikirlərini bölüşüb.

– Deyirsiniz ki, Azərbaycanda karyeranızı möhtəşəm şəkildə başa vurdunuz. Nə dərəcədə möhtəşəm alındı?
– Kiyev “Arsenal”ı ilə müqaviləm 2005-ci ildə başa çatdı. Bundan sonra oynamaq istəmirdim. Tam sağlam, əla formada idim, sadəcə, futbolla gözəl viddalaşmaq, artıq yük olub pul qazanmaq istəmirdim. Ancaq 2006-nın əvvəlində Anatoli Konkov zəng vurdu və baş məşqçisi olduğu Bakı “İnter”inə dəvət etdi. Onunla hələ Ukrayna yığmasının baş məşqçisi olduğu vaxtlardan dostluq münasibətlərimiz yaranmışdı. Həmin dövrdə məni milliyə də dəvət edirdi. Söhbətimiz qısa alındı: “Üç gündən sonra səni Kiyevdə gözləyirəm”. Heç bir sual vermədim. Azərbaycanda demək olar ki, oynamırdım. Mənim kollektivdə olmağım daha önəmli idi, çünki həmin vaxt komandada xeyli ukraynalı oynayırdı. Hətta vaxtilə Ukraynada oynamış serblər də var idi. Yaxşı kollektivimiz vardı.

– Avtoritet idiniz?
– Bəli. Kollektiv olan yerdə hamını biləşdirmək olduqca vacibdi: ukraynalıları, azərbaycanlıları. Azərbaycanda keçirdiyim 1 il ərzində praktiki olaraq, oynamadım. Konkov ordan gedəndə, mən qaldım. Çünki müqavilə müddətim başa çatmamışdı. Bundan sonra isə butslarımı “mismardan asdım”.

– Hətta bu gün də Roman Qriqorçukun “Qəbələ”yə keçməsinə və “Çernomorets”in yarısını özü ilə aparmasına insanlar təəccüblənir. Hamı da bir ağızdan Azərbaycan çempionatının səviyyəsinin aşağı olduğunu söyləyirlər. Bu, həqiqətən belədir?
– Azərbaycan çempionatının hazırkı səviyyəsi barədə fikir yürütmək istəmirəm. Biz “Qarabağ”ın Avropa Liqasındakı çıxışını izlədik. Asan rəqib deyil. Komandaların sayıı azalıb və bu amil keyfiyyətə müsbət təsir göstərib. Çünki klublarının maliyyə vəziyyətləri olduqca yüksəkdir. Futbola münasibət orda yaxşıdı: stadionlar, məşq bazaları ucaldırlar, Qriqorçuk kimi mütəxəssisi dəvət ediblər. Demirəm ki, Ukrayna futbolunun əjdahasıdır, ancaq Odessadakı işiylə sübut etdi ki, yaxşı mütəxəssisdir.

– Başqa sözlə, Qriqorçukun “Qəbələ”ni seçməsinə təəccüblənmədiniz?
– Mən başa düşürdüm ki, Azərbaycana bizim mütəxəssisi dəvət edirlərsə, deməli, dəyər verirlər. Özü də o, həqiqətən dəyər veriləsi mütəxəssisdir. Ukraynada baş qaldıran problemlərə gəlincə… Axı məşqçi 5-6 ay məvacib üzü görməyən futbolçunu necə saxlaya bilər? Onun vəd vermək limiti tükənir. Hər kəsin ailəsi var. İnsan maaşının nə vaxt verilməsi ilə maraqlandıqda, bunu normal qarşılamaq lazımdır.

– Necə düşünürsünüz, Qriqorçukda (həm də özüylə apardığı 4 futbolçuda) alınacaq? Artıq 3 məğlubiyyət var. Azərbaycan mətbuatı Qriqorçukun bəhanələr axtardığını yazır…
– Həmişə komanda qalib gəlir, məşqçi uduzur. Hesab edirəm ki, zamana ehtiyac var. Əvvəla, bu, fərqli mentalitetdir, azərbaycanlı futbolçular topla oynamağı xoşlayır, qara iş görməkdən isə boyun qaçırırlar. Bax bunu öyrətmək üçünsə Qriqorçukun olduqca az vaxtı olub. İlk oyunda o, qalib gəlib, ardınca 3 görüşdən məğlub ayrılıb. Ancaq bütün görüşlərdə minimal fərq qeydə alınıb (Əslində “Qəbələ” bu oyunların ikisində 2 top fərqi ilə məğlub olub – red.). Hər şeyin pis olmadığını düşünürəm.

Həmin kateqoriyadan