Azad Rəhimov Avropa Oyunlarını “Çırağan” Sarayında da təqdim edəcək

Bakı-2015-in təqdimat mərasiminin İstanbul şəhərində keçirilməsi məqsədilə, gənclər və idman naziri Azad Rəhimov Türkiyəyə rəsmi səfərə yola düşüb. Allsport.az saytı xəbər verir ki, İstanbulun “Çırağan” Sarayında baş tutacaq toplantıda, 1-ci Avropa oyunlarına hazırlıq haqda film nümayiş olunacaq,  yarışlarda Avropanın 49 ölkəsindən 6000-dən çox idmançının 20 idman növündə mübarizə aparacaqları haqda məlumatlar veriləcək.
Ölkənin birinci xanımı, Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın sədrliyi ilə görülən işlər, yarışların keçiriləcəyi məkanlar, istifadəyə verilmiş və hal hazırda tikilməkdə olan idman qurğuları, 7300 nəfər üçün nəzərdə tutulmuş olimpiya kəndinin hazırlığı itiqamətində görülən işlər barədə məlumatlar da diqqətə çatdırılacaq.  
Azad Rəhimov  paytaxtımızda keçiriləcək Avropa oyunlarının, bir il sonra Rio Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıdığını və bir neçə idman növündə lisenziya qazanma istiqamətində xüsusi rol oynadığını diqqətə çatdıracaq. Nazir eyni zamanda, Bakı şəhərinin müxtəlif illərdə bir sıra Avropa və dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi etdiyini, 22 illik müstəqilliyi dövründə Azərbaycanın 200-dən artıq idmançısı ilə yay və qış olimpiya oyunlarına qatıldığını, Azərbaycan yığmasının bugünə qədər iştirak etdiyi Olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2000-ə yaxın medal qazandığı haqda məlumatları qonaqlarla bölüşəcək.
Azad Rəhimov öz çıxışında Bakının bir çox beynəlxalq yarışlara ev sahibliyi etdiyini, qısa müddət bundan öncə  bədii gimnastika üzrə Avropa çempionatının yüksək səviyyədə şəhərimizdə keçirildiyini, növbəti, 2016-cı ildə ölkəmizdə Formula1 qran-pri, şahmatçıların dünya çempionatının, 2017-ci ildə İslam Həmrəyliyi oyunlarının baş tutacağı barədə məlumatlar da verəcək.

Həmin kateqoriyadan