Bəxtiyar Soltanov: “Qəbələ”də 4 qol vurmağım hələ qürurlanmağa bəs etmir”

“Qəbələ”nin futbolçusu Bəxtiyar Soltanov fanat.az saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– “Qəbələ”yə keçidin bir qədər gözlənilməz alındı…
– Elə mənim üçün də.

– “Araz Naxçıvan” çempionatda çıxışını dayandıranda nə düşündün?
– Belə olmasını istəməzdim. Ancaq qərarı futbolçular vermir. Fikirləşdim ki, özümə klub tapmalıyam. “Qəbələ” variantı isə ürəyimcə oldu.

– Yeni komandanın heyətində 4 qol vurmağa imkan tapmısan. “Araz Naxçıvan”da o qədər də parlaq oyun sərgiləməyən futbolçunun daha güclü komandada sözünü deyə bilməsi nə ilə bağlıdır?
– Hə, 4 qol vurmuşam. İkisini “Ağsu”yla kubok oyununda, ikisini də çempionatda. Amma bu nəticə qürurlanmağa bəs etmir. Deyərdim ki, yaxşı başlanğıcdır. Çalışmalıyam ki, ardını gətirim. Burda oyunumun yaxşı alınmasına gəlincə, güclü komandada oynayanda hücum imkanları çox olur. Qol vururamsa, deməli, komanda şəklində yaxşı hücumlar qura bilirik.

– Son turda “Qarabağ”ın qapısına bərabərlik topunu vurdun. Dodonun qələbə qolu isə sizə 3 xal qazandırdı. Avropada adından söz etdirən kollektivi yenmək xüsusi hisslərə meydan verir?
– “Qarabağ” doğrudan da çox səviyyəli komandadır. Bildiyiniz kimi, özüm də orda oynamışam. Qələbə həmişə sevindirir. Güclü rəqibi udmaq isə daha xoş hisslər yaradır.

– “Bakı”da parlayandan sonra karyeran arzulanan səviyyədə inkişaf etmədi. Düzdü, bir müddət “Qarabağ”da da oynamaq imkanın oldu. Ancaq Ağdam təmsilçisində möhkəmlənə bilmədin. Sorağını 1-ci diviziondan alanların çoxu zaman-zaman geriyə addımlayacağını düşündü…
– Əlbəttə, daha düzgün addımlar ata, inkişaf edə bilərdim. Artıq 25 yaşım var. Özüm də başa düşürəm ki, “Qəbələ”də bacardığımdan da artığını ortaya qoymalıyam. Hazırda yaxşı formadayam. Bir qədər də “artırmalıyam”.

– Dorinel Muntyanunun gedişi “Qəbələ”yə nə verəcək?
– Onu indidən demək çətindir. Düzdü, baş məşqçi komandadan ayrılandan sonra qələbə qazanmışıq. Amma bir qələbəyə görə danışmaq tezdir.

– Yeni çalışdırıcının – Roman Qriqorçukun “Qəbələ”ni uğurlara daşıyacaq biri olduğuna inanırsan?
– Buna ümid edirəm. Mənim borcum baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməkdir. Qış fasiləsində yaxşı hazırlaşmalı, çempionluq uğrunda mübarizəyə qoşulmalıyıq.

Həmin kateqoriyadan