“Abşeron”un baş məşqçisi: “Bu gün birliyi qoruduq və bir hədəfə vurduq”

Bu gün Bakı idman sarayında qadın voleybolçuların yüksək liqanın açılış oyununda “Abşeron” klubu son Azərbaycan çempionu “Azərreyl”i 3:1 üstələdi. Görüşdən sonra qalib komandanın baş məşqçisi Famil Ağayev allsport.az saytına müsahibə verdi:

– Arenada izdiham vardı. Bunun simasında gərgin oyun oldu.
– “Azərreyl” güclü klubdur. Heyətində müxtəlif ölkələrin millilərində çıxış edən voleybolçular yer alıb. Amma imkansız bir şey yoxdur.

– Hər halda, rəqib favorit göstərilirdi. Necə bacardız?
– Bizim qızlar komanda şəklində xarakter nümayiş etdirdilər. Rəqibin heyəti təzələnib. Kollektiv hələ tam oturuşmayıb. “Abşeron”da isə durum fərqlidir: əksər qızlar bir-birini tanıyır. Bu gün birliyi qoruduq və bir hədəfə vurduq.

– Fərəhlidir ki, matç boyu meydançada 3 yerli vardı.
– Öncədən klub rəhbəri ilə görüşdə, üstünlüyü yerlilərə verəcəyimi bildirmişdim. Bu yaxınlarda daha 2 millinin üzvü ilə güclənəcəyik. Legionçulara çox meyl salsaydım, əvvəldən onlar gələrdilər. İstəyim budur ki, heyətdə 4 yerli oynasın.

– Bu gün komanda müdafiədə etibarlı çıxış etdi. Siz necə hesab edirsiniz?
– Əlbəttə, razıyam. “Azərreyl”in voleybolçuları bütün zərbələri blokun üzərindən vururdular. Arxa zonada istər Bəyaz, istər Ülkər, istərsə də Nataşa olsun, çox mükəmməl müdafiə olundular. Müdafiədən çıxan topu vurub saya çevirsən, bu əlavə 1 xal deməkdir. Bunu da bacardıq. Məşqdə bunun üzərində çox işləyirik.

Həmin kateqoriyadan