Güləş millimizin məşqçisi: Özlüyümdə, ABŞ-da bunun sirrini çözdüm

Ölkəmizin güləş məşqçiləri və hakimləri ABŞ-da təcrübə mübadiləsi aparıblar. Azərbaycan komandası 10 gün ərzində müxtəlif şəhərlərdə idman zalları ilə tanış olub və daxili yarışları izləyib. Okeanın o tayına yollananlar sırasında qadın millisinin məşqçisi Solmaz Adilova da yer alıb. Allsport.az saytının əməkdaşı onunla əlaqə saxlayıb, səfər təəssuratı ilə maraqlanıb.

– Əslində, ABŞ o qədər də marağım olmayan ölkələrdən biridir. Amma səfər düşündüyümdən maraqlı keçdi. Rejim olaraq, çox çətin oldu.

– Güləşlə bağlı nələri öyrətdiz və öyrəndiz?
– Əsasən orta məktəblərdəki güləş zallarında olduq, qızlara bacardığımız qədər bildiklərimizi öyrətməyə çalışdıq. Sonra 2-qat olimpiya çempionu Con Smit ile göruş oldu. Onun rəhbərlik etdiyi güləş zalında ondan cox şey öyrəndik. Amerikada “folkstyle” (xalq güləşi) adlanan yerli güləş növü var. Onun qaydaları ilı tanış olduq. Daha sonra “folkstyle” güləşində ştatlararası yarışı izlədik. Deyərdim ki, sərbəst güləşdən çox maraqlı növdür.

– Məsələn…
– Ümumiyyətlə, Amerika güləşçiləri fiziki cəhətdən çox dözümlüdürlər. İdmanda loru dildə desək, “vəhşi” kimidirlər. Özlüyümdə, orada bunun sirrini çözdüm. ABŞ-da məktəb və universitet zamanı idmançılar “folkstyle” güləşi ilə məşğul olurlar. Bu növdə qaydalar fərqlidir: dayanmadan 7 dəqiqə mübarizə aparırlar, parterdə yuxarıdan güləşirlər, xallar ayrıdır; sərbəst güləşdə 10 xal, burdada 15 xal fərqi olanda, təmiz qələbə sayılır.
Təhsili bitirdikdən sonra, məcburən sərbəst güləşə keçirlər və yerli çempionatlarda yeni növdə çıxış edirlər. Çünki sərbəst güləş olimpiya növüdür. Belədə, onlara güləşmək daha rahat gəlir.

– İqlim, saat qurşağı və qidalanmaya nə dərəcədə uyğunlaşdınız?
– Vaxtla bağlı çətinlik oldu. Dönüşə 2-3 gün qalmış, hardasa 50-60 faiz öyrəşmişdimsə, Bakıda hələ də onun əziyyətini çəkirəm. Günün bu günündə gündüzlər yatıram, gecə durub otururam.
Qidalanmaya gəldikdə, orada Azərbaycan kimi mətbəx yoxdur (gülümsəyir). Belə çətin olmadı. Hər gün ayrı-ayrı mətbəxləri dadırdıq. Meksika yeməkləri çox xoşuma gəldi. Amerikalılar fəstfudlara üstünlük verirlər. Bu üzdən, onlarda dəhşətli dərəcədə kökəlmə gedir. Mən də bir az kilo almışdım, amma artıq qaydasına salıram (gülümsəyir).
İqlimi yaxşı idi. Millət olaraq, onları çox bəyəndim: pozitivdilər, insanları tanıdılar-tanımadılar, salamlayırlar.

– ABŞ-da gördüyünüz mətbəxi vətəndə sınamaq niyyətininiz varmi? Bir qadın kimi, onlardan mətbəxdə nəyi gotürdünüz?
– Xeyr, bəyənmədim. Yeməkləri açı olduğu üçün, daha çox Meksika mətbəxini sevdim. Belə yox, yemək bişirməklə aram yoxdur, anamın canı sağ olsun (gülür).

– Səfər çərçivəsində vaxtı ilə güləşçi kimi qarşılaşdığınız və ya indi məşqçi kimi taniş olub münasibət qurduğunuz həmkarlarınıza rast gəldinizmi?
– Milli komanda ilə görüşümüz olmadığı üçün rastlaşmadıq. Tanıdığım, Toğrul Əsgərovun London olimpiadasinda yarımfinalda qalib gəldiyi Amerika güləşçisi oldu. Getdiyimiz güləş məktəbində məşqçi işləyirdi. Elə ordan Toğrula video zəng edib, onları da görüşdürdüm (gülür).

Söhbətləşdi: Kamran HACI

Həmin kateqoriyadan