BOK prezidentinə AzDBTİA-nın fəxri doktoru adı verilib

Bu gün Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax ilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən akademiyanın rektoru Ağacan Abiyev ali qonağın idman aləmində tanınmış şəxsiyyət olduğunu, ömrünün böyük bir hissəsini olimpiya hərəkatının təbliği və inkişafı işinə həsr etdiyini bildirib.

Deyib ki, onun maraqlı idman bioqrafiyası var. 1976-cı ildə Monrealda qılıncoynatma üzrə olimpiya çempionu olan almaniyalı, daha sonralar BOK-un vitse-prezidenti vəzifəsinədək yüksəlib. Ötən il o, Buenos-Ayresdə bu qurumun prezidenti seçilib. Tomas Bax əvvəllər Argentinan paytaxtında dünya çempionu olub. 1991-ci ildə olimpiya komitəsinin üzvü seçilib. Beynəlxalq Olimpiya Komitəsində hüquq komitəsinə rəhbərlik edib. İdmanla bağlı çoxlu maraqlı məqalələr yazıb.

Ağacan Abiyev onu da qeyd edib ki, olimpiya hərəkatının inkişafındakı xidmətləri nəzərə alınaraq elmi şuranın qərarına əsasən Tomas Bax akademiyanın fəxri doktoru adına layiq görülüb. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, BOK-un keçmiş prezidenti Jak Roqq iştirak ediblər.

Nüfuzlu bir Akademiyada fəxri doktor adına layiq görüldüyünə görə minnətdarlığını bildirən ali qonaq Olimpiya Oyunlarının insanlara və bütövlükdə cəmiyyətə faydalarından danışıb. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycanın olimpiya hərəkatına layiqli töhfə verdiyini söyləyib.

O, bu titula görə şərəf hissi duyduğunu qeyd edib. Bildirilib ki, bu Akademiya gənclərin idman və təhsildə vəhdət təşkil etməsinin bariz nümunəsidir. O, gələn il Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb. Tomas Bax Azərbaycanın bu yarışı yüksək səviyyədə keçirməklə dünya idmanının inkişafına layiqli töhfə verəcəyini bildirib.

Həmin kateqoriyadan