“Bu uğurun özülünü Mirbağır İsayev qoydu”

19 yaşadək futbolçulardan ibarət yığmamıza dəstək olmaq məqsədilə əməkdar məşqçi Ağasəlim Mircavadov AFFA tərəfindən qrup oyunlarının keçirildiyi Macarıstana ezam edilmişdi. Allsport.az saytı xəbər verir ki, görüşlər başa çatdıqdan sonra təcrübəli mütəxəssis affa.az-ın suallarını cavablandırıb:
– Turnirlə bağlı sizdə hansı təəssürat formalaşdı?
– Uzun müddət idi bu cür turnirləri izləmirdim. 19 yaşadək futbolçulardan ibarət yığmamızın oyununu ilk dəfə görürdüm. Yığmamız 3 oyun ərzində cəmi bir hissə ağıllı, baxımlı futbol nümayiş etdirdi. O da Sloveniya yığması ilə qarşılaşmanın birinci hissəsində oldu. Bu matçda qələbə qazanmaq çox vacib idi. Çünki digər oyunda artıq elit-raunda vəsiqəni təmin etmiş Slovakiya təşkilatçı Macarıstanı qəbul edirdi. Oyundan əvvəl çoxları slovakların meydan sahiblərinə güzəştə gedəcəklərini düşünürdü. Ancaq Slovakiya fair-play nümayiş etdirdi və əbəs yerə lider olmadığını göstərdi. Müqayisə aparsaq, iştirakçı komandalar arasında Slovakiya yığmasının oyununu daha çox bəyəndim. Bu yığmanın üzvlərinin futbola baxışı, oyun tərzi, meydançadakı iş əmsalı, hücumun istiqamətini bir cinahdan digərinə dəyişməsi yüksək səviyyədə idi. Slovakiya yığmasının heyətində yer alan futbolçulardan 2-3 nəfəri bizim Premyer liqa klublarında rahat şəkildə oynayacaq gücdədir. Həmin futbolçular İngiltərə, İtaliya kimi ölkələrin klublarının üzvləridir.
– Bəs komandamız niyə 6 hissədən 5-də zəif təsir bağışladı?
– Macarıstan yığması ilə oyundan sonra özüm üçün təhlillər apardım. Həm Slovakiya, həm də Macarıstan komandasına oyun planında uduzduq. Macarıstan yığmasına vurduğumuz qol rəqib qapıçının bizə hədiyyəsi oldu. Məhz bu qol sayəsində ikinci pilləni tutduq. Açığı, bununla bağlı məşqçilərlə də söhbət etdik. Onlar da komandanın bu cür zəif çıxış etməsinə təəccüblənirlər. Çünki U-19 Xorvatiyada, Makedoniyada toplanışda olub, yoxlama oyunları keçirib. Cinahlarımız yalnız Sloveniya yığması ilə matçda öz işinin öhdəsindən gələ bildi. Bunu da cəmi bir hissə izlədik. İkinci hissədə isə erkən qol uşaqlarda təlaş yaratdı, başladılar vaxtı “öldürməyə”. Amma 40 dəqiqə uzun müddətdir və edilən dəyişikliklər müəyyən qədər kömək oldu. Texniki imkanlarına görə futbolçularımız elə də seçilmirlər, amma aralarında “vuruşan”lar var. Onlardan VadimAğarəhimovu qeyd edə bilərəm.
– Bəzi futbolçular var ki, haqlarında müsbət fikirlər söylənilirdi. Amma turnir çərçivəsində bunun şahidi olmadıq. Sizcə, niyə?
– Mən də bəzi futbolçular haqda çox eşitmişdim. Onlar klublarında da əsas heyətdə meydana çıxırlar. Bəs niyə zəif oynadıq? Bunu mütləq analiz etmək lazımdır. Bunu da məşqçilər korpusu edəcək. Çünki elit-raundda daha güclü komandalar çıxış edəcək. İstənilən halda, komandamızı təbrik edirəm. Bu uğurun özülünü Mirbağır İsayev qoydu. U-17-nin vəsiqə qazanması U-19 üçün də stimul oldu.
– Elit-raundla bağlı hansısa tövsiyələriniz oldumu?
– Biz elit-raunda çıxışla kifayətlənəcəyiksə, bu, düzgün yanaşma deyil. Bu uşaqlardan çox şey tələb olunmalıdır. Çünki AFFA rəhbərliyi komandaya hər cür şərait yaradıb, onlar il ərzində müxtəlif toplanışlarda olub, yoxlama oyunları keçiriblər. Bununla bağlı onlara məhdudiyyət qoyulmayıb. Bunun müqabilində futbolçularımız da istəniləni verməlidirlər. Elit-raundla bağlı isə güclü təhlil aparılmalı, axtarışlar davam etdirilməlidir. Təbii ki, püşkdən də çox şey asılıdır. Çünki İspaniya, Almaniya, Hollandiya, Belçika, Avstriya, Fransa, İtaliya kimi güclü komandalar qrupumuzda yer ala bilər. Əlbəttə, hazırlıq planı da mütləq olmalıdır.
– Təşkilatçılıqla bağlı nə deyə bilərsiniz?
– Təşkilatçılıq çox zəif idi. Əvvəllər istirahət günlərinin birində komandaları şəhərin və ya ölkənin görməli yerlərinə ekskursiyaya aparırdılar, əgər ölkədə əsas yığmanın oyunu keçirilirsə, ora dəvət edirdilər. Macarıstanda olarkən bunu görmədik. Belə ki, noyabrın 14-də seçmə mərhələnin oyunu çərçivəsində  Macarıstanın və Finlandiyanın əsas yığmaları qarşılaşdılar. Biz həmin matçı izləmək istəsək də, təşkilatçılar buna şərait yaratmadılar. Bundan başqa, meydançalar da ideal vəziyyətde deyildi. Düzdür, təbii ot örtüklü idilər, ancaq kələ-kötür yerlər çox, ot seyrək idi. Müqayisə aparsaq, Tofiq Bəhramov adına Respublika stadionunda və ya “Bakcell Arena” vəziyyət bundan daha yaxşıdır. Qəbələdəki stadionlar ideal olduğundan bu haqda geniş danışmaq istəmirəm.
– Uzun fasilədən sonra U-17 və U-19 eyni ildə elit-raunda vəsiqə qazandı…
– Bu, sevindirici haldır. Əsas odur ki, davamlı olsun. Görüləsi işlər isə çoxdur. Futbolçularımız taktiki planda çox zəifdirlər. Bu istiqamətdə çalışmalar həyata keçirilməlidir. Sloveniya ilə qarşılaşmanın birinci hissəsindəki oyunun daimi olmasına çalışmalıyıq.

Həmin kateqoriyadan