Eddi İsrafilov İspaniyada Bakı səfərindən danışdı

Azərbaycan yığmasının və İspaniyanın “Qranada” klubunun yarımmüdafiəçisi Eddi İsrafilov La Liqanın 29-cu turu çərçivəsində “Real”a qarşı keçirəcəkləri oyun öncəsi yerli mətbuata açıqlama verib. Allsport.az xəbər verir ki, o, öncə Bakıya səfəri barədə danışıb:

“Bütövlükdə, hər şey çox xoş oldu. Ölkəmdə məni gözəl qarşıladılar. İnsanlar mənə qarşı çox yaxşı davranırdılar. Bu, çox yaxşı bir təcrübə oldu”.

İsrafilovun sözlərinə görə, ona yığmadan əvvəllər də dəvət gəlməsinə rəğmən, klubunun çempionatdakı vəziyyəti yaxşı olmadığına gedə bilmirmiş: “Ötən dəfə, mən hələ Sequnda liqada çıxış edərkən yığmaya dəvət etmişdilər. Amma mən klubumu tərk edib, ora gedə bilmədim. Həm də oyunun vaxtı FİFA-nın rəsmi siyahısı ilə üst-üstə düşmürdü. Komandamın turnir cədvəlindəki mövqeyi də mənim getməyimə imkan vermirdi”.

Eddi “Qranada”nın son oyunlarında meydana çıxmamasının səbəbini belə izah edib: “Futbolda belə hallar olur. Mən sadəcə, öz üzərimdə daha çox çalışmalıyam, məşq etməliyəm ki, baş məşqçi mənə ehtiyac hiss etsin. İstənilən vaxt meydana çıxmağa hazıram”.

İsrafilov “Real”la oyun öncəsi düşüncələrini də bölüşüb: “Növbəti həftə bizim “Selta” və “Almeriya” ilə iki oyunumuz var. Bu komandaların bizimlə eyni səviyyədə olduğunu demək olar. Amma “Real” “Real”dır. Əlbəttə, biz qələbə qazanmağa çalışacağıq. Amma biz daha çox “Selta” və “Almeriya” ilə oyunlarda qalib gəlməliyik”.

Həmin kateqoriyadan