Elnur Allahverdiyev: İstərdim ki, “Neftçi”də ancaq yerli futbolçular çıxış etsinlər

“Neftçi”nin müdafiəçisi Elnur Allahverdiyev azerisport.az saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– İli o qədər də yaxşı başa vurmadınız. Əhval-ruhiyyəniz necədir?
– İli bu şəkildə başa vurmaq çox üzücüdür. Hamı oynadı, mən isə kənarda durmalı oldum. Heç kimdən də dəstək görmədim. Mənə qarşı çox soyuq davrandılar. Halbuki, mən heç nəyi qəsdən etməmişdim. Hamı bilir ki, mən meydanda olanda hər şeyi ürəkdən edirəm.

– Daha iki oyunluq cəzanız qalıb. Hesab etmirsiniz ki, vəziyyəti dramatikləşdirməyə ehtiyac yoxdur?
– Məni “Neftçi”yə kömək etmək üçün dəvət etmişdilər. Amma indi oturmuşam kənardan baxıram. Bu, məni çox məyus edir.

– Siz sanki Kamran Ağayevlə yarışa çıxmısınız, hansımız daha çox diskvalifikasiya alacağıq…
– (gülür) Hərdən özüm də oturub düşünürəm ki, görəsən niyə məndə hər şey belə alınır. Bəzi epizodlarda soyyuqanlı olmağım lazımdır. Amma bacarmıram.

– Keçmiş klubunuz “Xəzər Lənkəran”da böyük islahatlar həyata keçirildi. Bunu necə qarşıladınız?
– “Xəzər Lənkəran” həmişə iddialı klub olub. Komanda az uğur qazanmayıb. Təəssüf ki, yaxın gələcəkdə o dərəcədə iddialı ola bilməyəcəklər. Mövsümün ortasında özünə klub axtarmalı olan futbolçulara yazığım gəlir. Yığmamızın üzvlərinə çətin olacaq. Amma bunun müsbət tərəfi də var. “Xəzər Lənkəran”da olan gənc futbolçular əsas komandada oynamaq şansı qazanacaqlar.

– Əgər şayiələrə inansaq, Rauf Əliyev, Nurlan Novruzov, Rəhman Hacıyev və Cavid İmamverdiyev yeni komanda yoldaşlarınız olacaq…
– Buna ancaq sevinərəm. Fikrimcə, belə futbolçuların bizə ancaq köməyi dəyər. Mən istərdim ki, “Neftçi”də ancaq yerli futbolçular çıxış etsinlər.

– Rauf Ernest Nfor və ya Nikolas Kanalesdən daha faydalı ola biləcək?
– Əminəm ki, Rauf öz sözünü deyə biləcək. Onun “Xəzər Lənkəran”da işləri o qədər də yaxşı alınmadı. Amma “Neftçi” onun perspektivini üzə çıxara biləcək komandadır.

– Yığmamızın baş məşqçisi Robert Prosineçkinin millidə gəncləşdirmə siyasəti aparmaq istəməsinə münasibətiniz necədir?
– Hər bir məşqçinin öz iş metodu olur. Mən gənc futbolçu deyiləm, amma çağırılsam, həmişəki kimi, yığma üçün əlimdən gələni edəcəyəm. Gəncləşdirmə siyasəti aparan komandanın dərhal uğur qazanması mümkünsüzdür. Bunu mərhələlərlə həyata keçirmək lazımdır. Amma layiqli gənclər varsa, qoy çağırılsınlar. Bu, yığmamız üçün yalnız müsbət haldır.

Həmin kateqoriyadan