Gənclər idman nazirliyinin qərəzli rəhbərliyi federasiyaları öz inhisarına alır

Azərbaycan idmanının məhvinə and içənlər, onu əyləncə və ticarət sahəsinə çevirmək istəyənlər, artıq niyyətlərini açıq ortaya qoymağa başlayıblar: ötən ilin yazında heç bir əsas olmadan ümummilli liderin büstünü nazirliyin dəhlizindən yığışdıran, dövlət idarəsinin həyətində mərhum nazir Azad Rəhimovun tapşırığı ilə hazırladılan iri şərəf lövhəsindən Heydər Əliyevin, İlham Əliyevin, Mehriban Əliyevanın və olimpiya çempionlarının şəkillərini yox edən, bacarıqlı milli kadrları işdən uzaqlaşdıran, nazirliyi idman ictimaiyyətinin üzünə bağlayan, olimpiya mükafatçılarını ölkə başçısının sərəncamına qarşı qaldıran və 31 idman federasiyasının statusunu dayandıran Fərid Qayıbov – Mariana Vasileva – Elnur Məmmədov üçlüyü, indi də yerdə qalan birlikləri öz inhisarına alır.

Onlar, öncə, nazirliyin bayrağı altında keçirilən ölkə çempionatlarının medallarından başlayıblar. Əvvəllər bu işlə federasiyaların özləri məşğul olurdu. 2023-cü ildən müxtəlif yaş qrupları üzrə çempionat və birinciliklərin medallarını GİN-in sifarişi ilə hazırlanıb paylanılır. Görün hər il neçə min medal edir. Burada 1 manat belə çox şeyi dəyişir və həll edir. Hazırda rəsmi geyim üzərində iş gedir. Bir azdan gənclər və idman nazirliyinin əməkdaşları da prokurorluq, hüquq-mühafizə orqanları, fövqəladə hallar nazirliyinin əməkdaşları kimi özəl əlbəsədə işə gedəcəklər. Gənclər və idman nazirliyi olduğu üçün, çox güman, orada çalışanlara işə piyada gəlmələri tələb olunacaq. İdman sağlamlığın rəhnidir…

Növbəti hədəf vahid idman geyimidir. Proses hələ içdən başlayıb. Saysız-hesabsız qırmızı və köy gödəkçələr tədbirləri bürüyüb. Yayılan məlumata görə, məkrli üçlüyün niyyəti müxtəlif növ üzrə milli komandaların formalarını federasiyaların özləri deyil, onların hazırladıb paylamasıdır. Bunlar xeyli maliyyə edir və qazanan yenə öz yaxınları olacaq. Demək, indi bu işlə məşğul olanları yaxınlarda müflisləşmə təhlükəsi gözləyir. Bəli, vətəndaşlar işsiz qalacaq, narazılıq daha artacaq, qapadılan idman federasiyalarında çalışanlar kimi. Görünən dağa nə bələdçi? Məqsədləri açıq bəllidir: idman camiyəsindəkiləri dövlətə, ölkə başçısı və milli olimpiya komitəsinin prezidenti İlham Əliyevə qarşı etiraza sövq etmək. Özü də belə çətin və mürəkkəb geosiyasi durumda. “Beşinci kolon”u kənarda niyə axtarırıq ki…  

Sözü gedən üçlüyün başqa bir niyyəti, bütün idman federasiyalarında milli komandaların məşqçilərinin onların rəyinə əsasən təyin olunmasıdır. Özü də yerlilərlə deyil, əcnəbilərlə. İslam oyunları ərəfəsində onlar bir neçə idman növündə belə bir “əməliyyat” keçiriblər. İndi isə, proses genişlənməyə başlayıb. Onlar bunu federasiyalarda işbirlikçilərinin vasitəsi ilə edirlər. Təbii ki, onların içində bolqarıstanlı da var və olacaq da. Heç Mariana Vasileva qoyarmı həmyerliləri Qara dənizin o biri sahilində bekar qalsın? Ötən ildən beynəlxalq yarışlarda mükafatlandırmadan dərhal sonra məşqçi və idmançıların sosial şəbəkələrdə, özəlliklə, Feysbukda şəkil çəkdirib paylaşmaları da bu üçlüyün sifarişinin “məhsulu”dur. Hədəfdə AFFA da var. Son abzasda qeyd olunanlar tam araşdırma və bilgi toplandıqdan sonra, Allah qoysa, təfərruatı ilə növbəti yazılarımızda işıqlandırılacaq.

Y.S. 27-28 yanvarda gənclər və idman nazirliyinin nəzdində olan Respublika olimpiya mərkəzində atletika üzrə ölkə çempionatı keçirildi. “AZE” medallı yarışın 2-ci günündə çıxışları izləmək üçün ora yollandım. Qapıda dayanan nəzarətçiyə “mətbuatdanam” desən də, məni mübarizə meydanına buraxmadı, 2-ci mərtəbəyə yönəltdi. Özlüyümdə dedim ki, yəqin arena elə də geniş olmadığından və iştirakçı çoxluğundan KİV-ə aşağıdan girişi yasaqlayıblar. Yuxarı qalxdıqda, diqqət etdim: 2 idman televiziyası qaçış çığırın orta hissəində iş başındaydı. Bir az seyr edəndən sonra, aşağı düşüb yenə özümü təqdim edərək, yarış zonasına keçmək istədiyimi bildirdim. Nazirliyin əməkdaşı qayıtdı ki, medianın kamerası olur, səndə yoxdur, buraxa bilmərəm. Vəsiqəmi çıxarıb göstərdim (əslində, özü tələb etməli idi). İzah etdim ki, media tək televiziya kameralarından ibarət deyil.  Orada qəzet və saytlar da var. Jurnalist açıqlama almaq üçün uzaqdan işarələr göstərməməlidir, müsahiblə yaxından, üzbəüz danışmalıdır. Ardınca, “sonra deyirlər niyə bizi tənqid edirlər” ifadəmdə “tənqid” sözünü eşidən kimi, piştaxtanın arxasından ayağa geyiləni verib, “get nə istəyirsən yaz” dedi. Heç təəccüblənmədim. Nazirlikdə girişdə olimpiya çempionu Toğrul Əsgərovu tanımıyıb, ona oğlan deyən gənc xanımın iş yoldaşından ayrı nə gözləyə bilərdim ki! İndi özünüz nəticə çıxarın: bu məlum dəyişikliklərdə nə dəyişib?

Kamran HACI

Həmin kateqoriyadan