İlham Əliyev: “Bunun üçün idman 1-ci yerdədir”

Prezident İlham Əliyev, “Çin media qrupu” korporasiyasına müsahibə verib. Allsport.az saytı xəbər verir ki, dövlət başçısı müsahibədə idmana marağından da danışıb. O, gənc yaşlarından bununla məşğul olduğunu bildirib: “Birincisi, mən idmanı sevirəm. İkincisi, ömrüm boyu mən idmanla müəyyən fasilələrlə məşğul olmuşam. Əfsuslar ki, bəzən atmışam, sonra yenidən başlamışam. Gənc yaşlarımda idmanla çox fəal məşğul olurdum. Sonra dayandırırdım və yenidən başlayanda mənim üçün formanı qaytarmaq çox asan olurdu.

İkincisi, idman ictimai həyatın mühüm amilidir. İşğal dövründə idman qələbələrimiz insanların şüurunda Birinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra bir növ rəmzi kompensasiya oldu. Beləliklə, biz göstərdik ki, qalib gələ bilərik və qələbə Azərbaycanda vətənpərvərliyin çox mühüm amilinə çevrildi. Çünki idmançılarınız qalib gələndə, bayrağımız qalxanda, himnimiz çalınanda adamı böyük qürur hissləri bürüyür. Bu, gənc nəsil üçün vətənpərvər olmaqda mühüm amil idi, çünki mən aydın şəkildə anladım ki, bunsuz biz qələbə qazana bilməyəcəyik.

Bəli, biz müdafiə imkanlarımıza, hərbçilərimizin təliminə böyük sərmayələr yatırdıq. Biz ikinci Qarabağ müharibəsinə hazırlaşmaq üçün çox işlər gördük. Lakin sizə deyə bilərəm ki, hazırda, iki il yarımdan sonra, Qələbəmizin əsas meyarı qələbə ruhu idi. Torpaqları azad edənlər həyatlarında heç vaxt Qarabağı görməmişdilər, çünki çox gəncdirlər. Qarabağ işğal ediləndə onlar heç anadan olmamışdılar. Beləliklə, onları bu məqsədə aparan nə idi? Qələbə ruhu, vətənpərvərlik və ləyaqət idi. İdman həm budur, həm fiziki sağlamlıq deməkdir, çünki biz istəyirik ki, cəmiyyətimiz sağlam olsun. Biz istəyirik cəmiyyətimiz fiziki baxımdan güclü olsun. Bunun üçün idman birinci yerdədir.

Əlbəttə ki, yaxşı qida, pis vərdişlərin olmaması məsələsi də var. İdman bəlkə onları üstələyir. Həmçinin hazırda biz idmanın kütləviliyi üzərində çalışırıq ki, hər rayonda idman infrastrukturumuz olsun. Bunu artıq yaratmışıq. Eyni zamanda, bu, beynəlxalq nüfuz deməkdir, çünki ilk Avropa oyunları həqiqətən Azərbaycanı Avropaya açdı. Formula-1 yarışlarını artıq 7 dəfə keçirmişik. Xüsusən də, nəzərə alsaq ki, o, şəhər küçələrində baş verir. Bu, Bakını heç vaxt görməyən üçün şəhərimizin təqdimatıdır. Formula-1-in auditoriyası 500 milyondur. İlk Formula-1 yarışlarından sonra turizm 20 faiz artdı və KOVİD-dən əvvəl hər il on – on beş faiz artım var idi. Yarışlar sayəsində çoxlu xarici turist gəldi. Ölkəyə çox xarici valyuta daxil oldu. Bir çox amillər hər bir hökumətin idmanın inkişafına böyük diqqət yetirməli olduğunu göstərir.

Avropa liqasının 2019-cu ildəki final matçı və 2020-ci ilin matçları 2021-ci ildə Bakıda keçirildi. Bəli, Bakı artıq böyük idman tədbirləri üçün beynəlxalq məkana çevrilib. Təsəvvür edin, 2015-ci ildə ilk Avropa oyunları və 2017-ci ildə İslam həmrəyliyi oyunları bir şəhərdə cəmi iki il ərzində keçirilib. Bu, bir daha Azərbaycanı idman ölkəsi kimi nümayiş etdirir. Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkəmiz müsəlman aləminin, eyni zamanda, Avropanın bir hissəsidir. Ölkəmizin yerləşməsi çox unikaldır. Ölkəmizin siyasəti, cəmiyyətin statusu bütün bunların təzahürüdür”.

Həmin kateqoriyadan