Latviya BOK-un Rusiya qərarına etiraz etdi

Latviya BOK-un Rusiya qərarına etiraz etdi

Latviya Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinin Rusiya Olimpiya Komitəsi ilə bağlı qərarını pisləyib.

Allsport.az xəbər verir ki, qurum BOK-un Rusiya Olimpiya Komitəsinə tətbiq edilən məhdudiyyətlərin müvəqqəti aradan qaldırılması qərarına etiraz edib.

Latviya Olimpiya Komitəsinin bəyanatında BOK-un Rusiya və Belarus olimpiya komitələrinin statusunun bərpasına, eləcə də onların iştirakına yönələn qərarlarının qəti şəkildə pislənildiyi bildirilib.

Qurum beynəlxalq idman federasiyalarının rusiyalı idmançıların yarışlarda iştirakına imkan verməyəcək mexanizmlər yaratdığına ümid etdiyini açıqlayıb. Bəyanatda artıq bir neçə nüfuzlu beynəlxalq federasiyanın bu məsələdə mənfi mövqeyini açıq və birmənalı ifadə etdiyi vurğulanıb.

Latviya Olimpiya Komitəsi həmçinin qeyd edib ki, BOK-un qərarı antidopinq sahəsindəki ciddi pozuntuları aradan qaldırmır. Bildirilib ki, məhz bu səbəblərə görə Ümumdünya Antidopinq Agentliyi Rusiya Antidopinq Agentliyinin Ümumdünya Antidopinq Məcəlləsinə uyğunluğunu hələ də bərpa etməyib.

BOK iyulun 7-də Rusiya Olimpiya Komitəsinin 2023-cü il oktyabrın 12-dən qüvvədə olan fəaliyyətinin dayandırılması qərarını müvəqqəti ləğv edib. Qərar Los-Anceles-2028 Yay Olimpiya Oyunları və 2028-ci il Qış Yeniyetmələr Olimpiya Oyunlarının təsnifat dövrünün başlaması ilə əlaqələndirilib.

Həmin kateqoriyadan