Londonun “Həmpton Kort” kral sarayında “Alxan” ləqəbli Qarabağ atının heykəlinin açılışı olub

Londonda olimpiya atçılıq əyləncəsi çərçivəsində “Həmpton Kort” kral sarayının ərazisində “Alxan” ləqəbli Qarabağ atının tuncdan hazırlanmış heykəlinin açılışı olub. Allsport.az saytı xəbər verir ki, ARAF-ın prezidenti Elçin Quliyev, kral sarayının rəhbəri Lord Vestey, kraliça atçılıq mərkəzinin başçısı Tobi Brouni, Vindzor at şousunun direktoru Simon Bruks Vard, tədbirin departament müdiri Sara Ruterford Couns və digər şəxslər iştirak ediblər.

Lord Vestey 2012-ci, 2016-cı və 2018-ci illərdəki Vindzor kral at şoularına böyük dəstəyinə görə Azərbaycana hökumətinə minnətdarlığını bildirib. Eyni zamanda, kraliça 2-ci Elizabetin hədiyyəyə görə dərin təşəkkürünü çatdıraraq, heykəlin yerinin məhz onun tərəfindən seçildiyini qeyd edib.

ARAF-ın prezidenti Elçin Quliyev ölkə başçısı İlham Əliyevin dəstəyi sayəsində son illər Qarabağ atlarının dünyada şöhrətinin və nüfuzunun artdığını, Böyük Britaniya ilə respublikamız arasında müvafiq sahədə əməkdaşlığın beynəlxalq miqyasda atçılıq idmanının inkişafına ciddi töhfə verdiyini, bu münasibətlərin ildən-ilə daha da genişlənməsindən məmnunluğunu ifadə edib.

Xatırladaq ki, Qarabağ atlarının cari il mayın 10-13-də Kral Vindzor At Şousunun 75 illik yubileyinə və Britaniya kraliçası 2-ci Elizabetin doğum gününə həsr olunmuş tədbirlərdə möhtəşəm şou proqramları böyük coşqu və heyrətlə qarşılanıb. ARAF-ın nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi ülyahəzrət kraliça 2-ci Elizabetin doğum günü münasibətilə “Alxan” ləqəbli Qarabağ atının tuncdan hazırlanmış heykəlini hədiyyə edib.

Dekabrın 21-də Azərbaycan nümayəndə heyəti Olimpiya Beynəlxalq At Şousunda möhtəşəm proqramla çıxış edəcək. ARAF-ın hazırladığı proqram “Odlar yurdu Azərbaycan və Qarabağ atı” adlanır. Həyacanverici bu proqram Dövlət Sərhəd Xidmətinin Qarabağ atları üzərində nümunəvi hərəkətlər yerinə yetirən süvarilər dəstəsinin və rəqs ansamblının çıxışlarından ibarət olacaq.

London Mərkəzindən 19 kilometr məsafədə yerləşən “Hampton Court” Kral sarayının inşasına 1515-ci ildə başlanılıb. Saray Kral VIII Henrinin yaxın əyanlarından olan kardinal Tomas Volsi üçün tikilib. Bu möhtəşəm imarət Böyük Britaniyanın qədim saraylarından biridır. Britaniyanın ən qədim atçılıq mərkəzi məhz bu sarayın ərazisində yerləşir. 1528-ci ildə qurulan mərkəz bu gün Kraliçaya məxsus atların yetişdirilməsi, təlimlərinin keçirilməsi və saxlanması üçün fəaliyyət göstərir.

ARAF Böyük Britaniyanın ən məşhur atçılıq tədbirlərindən olan Vindzor At şoularının 2012-ci ildən etibarən iştirakçısı olub. Həmin il üç Qarabağ atı və rəqs qrupu ilə çıxış edən heyət 1956-cı ildən sonra ilk dəfə sarayda qəbul edilən nümayəndə heyəti olub. 1956-cı ildə ilk dəfə “Zaman” ləqəbli Qarabağ atı kraliçiya doğum günü münasibətilə ona hədiyyə edilib. Gözəlliyi və hərəkətləri ilə hamını valeh edən Qarabağ atları son illər onun doğum günü tədbirlərinin mütləq iştirakçısına çevrilib.

Həmin kateqoriyadan