Milli atçılıq festivalının açılışı

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə milli atçılıq festivalının açılışı olub. Allsport.az saytı xəbər verir ki, Binə atçılıq mərkəzində keçirilən paraddan sonra federasiyanın vitse-prezidenti Elşad Abbasov çıxış edərək idmançıları həvəskarlarını  təbrik edib. O, yubileyə həsr olunan festivalın proqramına atçılığın 4 növü – cıdır, çövkən, konkur və polo üzrə turnirlərin daxil edildiyi barədə məlumat verib. Qeyd olunub ki, belə kütləvi yarışlar respublikamızda idmana, o cümlədən atçılığa ölkə başçısı İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsidir. Hazırda Azərbaycanın müxtəlif bölgələrində atçılıq idmanı üzrə klublar və bölmələrin geniş şəbəkəsi yaradılıb. Onların üzvlərinin iştirakilə hər il keçirilən mötəbər turnirlər gözəl ənənəyə çevrilib.

Milli Atçılıq Festivalı da müvafiq tədbirlərdən biridir.Onun ilk yarışı – cıdır turnirində idmançılar 3 dəfə starta çıxıblar. Əvvəlcə onlar üçyaşar Qarabağ vəDilboz atlarında 1600 metr məsafəyə yarışda mübarizə aparıblar. “Laləzar” ləqəbli atda jokey Orxanbəy Hacıyev məsafəni hamıdan tez başa vurub.

Üçyaşar təmiz qanlı ingilis atlarının 2000 metr məsafəyə cıdırı da maraqlı alınıb. Yarış “Bahr” ləqəbli atda jokey Hilal Nəzərovun qələbəsilə nəticələnib. O, finiş xəttini 2 dəqiqə 9 saniyəyə keçib.

Turnirin əsas mükafatı – Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubiley kuboku uğrunda dördyaşar və daha böyük Qarabağ, eləcə də, Dilboz atlarında 2000 metr məsafəyə cıdırda jokey Rauf Tahirov fərqlənib. O, “Qaradağ” ləqəbli atda 2 dəqiqə 27,78 saniyə nəticə ilə qələbə qazanıb. Turnirin qalibinə fəxri mükafatı Azərbaycan Respyblikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim edib.

Ayrı-ayrı cıdırlar arası fasilələrdə tamaşaçılara musiqi proqramı təqdim olunub. Əlavə edək ki, Milli Atçılıq Festivalı iyunun 17-dək davam edəcək. Qarşıdakı günlər ərzində çövkən, konkur və polo yarışları da keçiriləcək.

Həmin kateqoriyadan