Nino Salukvadze: Əminəm ki, Azərbaycan Avropa Oyunlarını çox yüksək səviyyədə təşkil edəcək

“Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək idmançılardan biri də güllə atıcılığı üzrə beşqat dünya, 17 dəfə Avropa çempionu, Olimpiya Oyunlarının qızıl və gümüş mükafatçısı, Gürcüstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Nino Salukvadzedir. Allsport.az xəbər verir ki, o, Bakıda keçiriləcək Avropa Oyunları və bu yarışlara hazırlıqla bağlı fikirlərini “Azərtac”ın xüsusi müxbiri ilə bölüşüb.B

irinci Avropa Oyunlarına Bakının ev sahibliyi etməsi haqqında qərarın qəbul olunması ilə bağlı məlumatı alanda çox sevindiyini vurğulayan Salukvadze deyib: “Bu, Azərbaycan ilə yanaşı, bizim üçün də böyük uğurdur. Bu qərara görə azərbaycanlı dostlarım kimi, mən də fəxr edirəm. Mən bu münasibətlə Azərbaycan xalqını bir daha təbrik edirəm”.

Dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında çoxlu sayda qələbəsinin və medalının olduğunu vurğulayan idmançı Bakıda keçiriləcək Avropa Oyunlarına da dəvət aldığını və bu yarışlarda iştirak edəcəyini bildirərək deyib: “Bu yarışlara çox ciddi hazırlaşıram. Bilirəm, Azərbaycanda İradə Aşumova kimi güclü idmançılar var və onlar da birincilik uğrunda mübarizə aparacaqlar. Amma mən də çalışacağam ki, fürsəti əldən verməyim. Bu yarışların mənim üçün çox böyük əhəmiyyəti var. Bununla belə hamıya uğurlar arzulayıram”.

Beşqat dünya çempionu ötən ilin oktyabrında idmanın atıcılıq növləri üzrə Qəbələdəki stend və ox atıcılığı kompleksində keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində iştirak edib. Azərbaycanda idmançılara yaradılan şəraitdən, idmanın inkişafına göstərilən dövlət qayğısından məmnunluqla danışan Salukvadze Bakının da simasının əsaslı surətdə dəyişdiyini vurğulayıb: “Paytaxt Bakı çox dəyişib, gözəlləşib. Bakıda tikilən yeni idman kompleksləri Azərbaycanın Avropa Oyunlarına ciddi hazırlaşdığını göstərir. Əminəm ki, Azərbaycan Avropa Oyunlarını çox yüksək səviyyədə təşkil edəcək”.

Salukvadze deyib ki, gürcüstanlı idmançılar Avropa Oyunlarına ciddi hazırlaşırlar. Onlar da bu yarışlarda maksimum nəticə göstərmək niyyətindədirlər. Biz həm də iyulun sonu-avqustun əvvəlində Tbilisidə keçiriləcək gənclər arasında olimpiya yarışlarına hazırlaşırıq. Biz də ciddi sınaq qarşısındayıq. Bu yarışlara da 40-dan çox ölkədən, o cümlədən Azərbaycandan idmançılar dəvət olunub. “İnanıram ki, iki dost və qonşu dövlət olan Gürcüstan və Azərbaycan bacarıq və təcrübələri, eləcə də yüksək təşkilatçılıqları ilə digər ölkələrə parlaq nümunə olacaqlar”, – deyə N.Salukvadze vurğulayıb.

Həmin kateqoriyadan