Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə 11-ci görüş Şəkidə baş tutub

Noyabrın 6-da gənclər və idman naziri Fərid Qayıbovun olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə 11-ci görüşü keçirilib. Allsport.az saytı xəbər verir ki, Şəki olimpiya idman kompleksində baş tutan tədbirdə nazir son iki ay ərzində qazanılmış idman uğurları münasibətilə federasiyaları təbrik edib və yeni uğurlar arzulayıb. Ənənəyə uyğun olaraq hər iki aydan bir keçirilən görüş ikinci dəfə paytaxtdan kənarda təşkil edilir.

Fərid Qayıbov deyib ki, görüşlərin olimpiya idman komplekslərində keçirilməsi həm federasiya nümayəndələrinin bölgələrdə öz idman növlərinin fəaliyyətini yaxından izləmək, həm də komplekslərin imkanları ilə yerində tanış olmaq baxımından faydalı olar.

İclasın gündəliyinə əsasən, 2024-cü il üçün “Ölkə yarışlarının keçirilmə qaydaları ilə bağlı texniki reqlament”ə uyğun olaraq nümunəvi əsasnamə haqqında və nazirlər kabinetinin qərarları haqqında təqdimat dinlənilib.

Görüşdə həmçinin federasiyaların mərkəzləşdirilmiş reyestr sistemində cari vəziyyəti və tibbi məsələlər, regionlarda keçirilən turnirlər, Paris-2024 yay olimpiya oyunlarına hazırlıq və digər mövzularda fikir mübadiləsi aparılıb, idman federasiyalarının sosial media fəaliyyətləri haqqında məlumat verilib.

Həmin kateqoriyadan