Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüş

Martın 4-də Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında “İdman həftəsi”sində olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, milli olimpiya komitəsinin baş katibi Azər Əliyev, vitse-prezident Zemfira Meftəhəddinova, AzDBTİA-nın rektoru Fuad Hacıyev iştirak ediblər. Nazir Fərid Qayıbov idman ictimaiyyəti nümayəndələrini 5 mart – Bədən tərbiyəsi və idman günü ərəfəsində salamlayıb və görüşün məqsədi barədə məlumat verib.

Görüşün gündəliyinə əsasən, Tokio yay olimpiya oyunlarına hazırlıq prosesinin və nəticələrinin təhlili ilə bağlı hesabat təqdim edilib, Paris-2024-ə hazırlıq planları ilə bağlı sorğunun nəticələri açıqlanıb. Görüşdə həmçinin nazirliyin federasiyalar üçün nəzərdə tutulmuş inkişaf vasitələri, federasiyaların akkreditasiyası prosesi, idmançıların reytinq əmsalının hesablanması qaydaları, idmançıların təhsili ilə bağlı məsələlər, maliyyə məsələləri, media ilə bağlı məsələlər, digər məsələlər müzakirə edilib, federasiya nümayəndələrinin təklifləri səsləndirilib.

Tədbirdə həmçinin ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, gənclər və idman naziri Fərid Qayıbov ötən il uğur qazanmış bir qrup idmançıya yeni mənzillərin orderlərini təqdim edib. Gənclər və İdman Nazirliyinin kollegiya qərarı ilə ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə və müvafiq idman növlərində tələb normalarını yerinə yetirdiklərinə görə fəxri adlara layiq görülmüş bir sıra idmançılara və idman mütəxəssislərinə həmin fəxri adları təsdiqləyən vəsiqə və döş nişanları təqdim edilib.

Həmin kateqoriyadan