Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüşdə nələr müzakirə edildi?

Gənclər və idman naziri Fərid Qayıbov fevralın 13-də olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüş keçirib. Allsport.az saytı xəbər verir ki, toplantıda qardaş Türkiyədə baş vermis zəlzələ qurbanları yad edilib və Heydər Əliyev adına idman-konsert kompleksində yardım kampaniyasında aktiv iştiraka görə Bakı şəhər halqası əməliyyat şirkətinə və idman federasiyalarına minnətdarlıq bildirilib.

Tədbirdə gənclər və idman nazirliyinin əmri ilə idman dərəcələrinə layiq görülmüş bir qrup idmançıya müvafiq nişan və vəsiqələr təqdim edilib. Sonra “Təkan” layihəsi, “Bakı Şəhər Halqası”, nazirliyin nəzdində fəaliyyət göstərən təlim-məşq bazaları ilə bağlı təqdimatlar olub, federasiya nümayəndələrinin fikir və təklifləri dinlənilib. Həmçinin 2020-2024-cü illər üçün Beynəlxalq Olimpiya Komitəsinin strategiyası və 2023-cü il üçün ölkə və beynəlxalq yarışların təqvim planı, idman növləri üzrə yığma komandaların idmançı və məşqçi heyətinin siyahıları təqdim edilib.

Görüşdə Paris-2024 yay olimpiya oyunlarına idman növləri üzrə hazırlıq məsələləri, ölkə yarışlarının keçirilmə qaydaları ilə bağlı texniki reqlament, III Avropa oyunlarına idman növləri üzrə hazırlıq məsələləri, 5 Mart – Bədən tərbiyəsi və idman günü və “İdman həftəsi” barədə məlumat verilib. Həmçinin, 2023-cü il üçün tibbi təminat, 2023-2024-cü illər üçün vahid idman təsnifatı, idmançı və məşqçilərin lisenziyalaşdırılması, Azərbaycan fimnastika federasiyasının məşqçilərinin peşəkar hazırlığı üzrə tədris proqramı, Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının tələbələri üçün federasiyalarda istehsalat təcrübəsi keçmək imkanlarının yaradılması və digər məsələlər müzakirə edilib.

Həmçinin olimpiya idman kompleksləri, uşaq-gənclər idman məktəbləri, federasiyalar, idman qurğularında fəaliyyət göstərən məşqçi-müəllimlər üçün seminarların təşkili, idman növləri üzrə milli komandaların məşqçilərinin təsdiqi haqqında fikirlər dinlənilib və müzakirələr aparılıb.

Həmin kateqoriyadan