Ölkə başçısı Avropa olimpiya komitələrinin prezidentini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 10-da Avropa olimpiya komitələrinin prezidenti Spiros Kapralosu qəbul edib. Allsport.az saytı xəbər verir ki, o, ilk növbədə, yunanıstanlı qonağın yeni vəzifəsini təbrik edib, fəaliyyətində uğurlar arzulayıb, milli olimpiya komitəsinin 30-illik yubiley tədbirlərində iştirakına görə minnətdarlığını bildirib. 1-ci Avropa oyunlarını məmnunluqla xatırlayan dövlət başçısı, bu mötəbər tədbirin önəmini vurğulayıb, oyunların təşkilində Spiros Kapralosun rolunu yüksək qiymətləndirib.

Xoş sözlərə görə minnətdarlığını bildirən qonaq, ilk növbədə, MOK-un 30-illik yubileyi münasibətilə təbriklərini çatdırıb. Bakı-2015 ilk Avropa oyunlarının əhəmiyyətinə toxunan Spiros Kapralos, bu beynəlxalq idman tədbirinin yüksək səviyyədə təşkil olunduğunu və bu işdə dövlətimizin başçısının rolunu xüsusi qeyd edib. Bildirib ki, ölkəmizin bu tədbirə layiqincə ev sahibliyi etməsi Avropa olimpiya ailəsində həmrəyliyə böyük töhfə verib. Spiros Kapralos ötən dövr ərzində Azərbaycan idmançılarının beynəlxalq turnirlərdə qazandıqları böyük uğurları məmnunluqla vurğulayıb.

Görüş zamanı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Spiros Kapralos dövlətimizin başçısına MOK-un 30-illik yubileyi münasibətilə xatirə hədiyyəsi təqdim edib.

Həmin kateqoriyadan