“Qəbələ” Liberiya millisinin futbolçusunu heyətinə qatıb

Yeni mövsümünün hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” yarımmüdafiə xəttini Liberiya millisinin futbolçusu Teo Luis Uiks ilə gücləndirib. Kiprin “Ermis” klubunun üzvü olan orta sahə oyunçusu icarə əsasında 1 il “Qəbələ”nin formasını geyinəcək.

26 yaşlı futbolçu 2008-ci ildən şərəfini qoruduğu Liberiya millisində 19 matç keçirib, 1 qol vurub. Klub karyerasına vətənində başlayan Teo 2007-ci ildə “Vatanqa”da çıxış edib. Sonradan 5 il Türkiyədə legioner həyatı yaşayan liberiyalı “Ankaraspor” (indiki “Osmanlıspor”, 2008-2010), “Ankaragücü” (2009-2010 icarə əsasında, 2010-2012), “Çaykur Rizəspor” (2011 icarə əsasında) və “Göztəpə” (2012-2013) klublarının formasını geyinib.

O, Superliqada 50 oyunda 1 qol vurub, 1-ci liqada 46 matça çıxıb. 2013-cü ildə Portuqaliyanın “Maritimo” klubuna keçən Teo 2 il bu komandanın uğurları üçün çalışıb. Uiks bu komandada 35 matçda 5 qola sevinib. Ötən ilin yayında “Ermis”ə transfer olunan yarımmüdafiəçi Kipr çempionatında 27 oyunda 2 qol vurub.

Xatırladaq ki, “Qəbələ” Teo Luisədək xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə müqavilə imzalayıb.

Həmin kateqoriyadan