Aleksey Antonov: Azərbaycan çempionatında azarkeşlər stadiona getməkdə maraqlı deyillər

“Qəbələ”nin keçmiş hücumçusu Aleksey Antonov Ukrayna mətbuatına müsahibəsində Azərbaycandakı karyerası ilə bağlı maraqlı fikir səsləndirib. Allsport.az sizi həmin açıqlamalarla tanış edir:

– Qazaxıstan karyeranızı Azərbaycana dəyişməyinizə nə səbəb oldu?
– Azərbaycana Roman Qriqorçuka görə getdim. Çünki gedəcəyim komanda barədə elə də çox şey bilmirdim. Bircə onu eşitmişdim ki, Yuri Syomin bu klubun baş məşqçisi olub. “Aktobe” ilə daha bir illik müqaviləm olsa da, Qriqorçuk mənimlə ciddi maraqlanırdı və özüm də bu keçidin əleyhinə deyildim.

– “Qəbələ” ilə də 2 illik müqavilə bağlayıb, bir il oynadıqdan sonra yollarınızı ayırdınız…
– Müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdik. Vəziyyət elə alındı ki, əməkdaşlığı davam etdirməkdə nə klub maraqlı idi, nə də mən.

– “Qəbələ”də sizə komfortlu deyildi?
– Qəbələni şəhər də adlandırmaq olmaz. Oranın yaxşı havası var. Amma bir ay sonra yeknəsəqlik adamı bezdirir. Yalnız 2-3 saatlıq məsafədə yerləşən Bakıya gedərkən vəziyyəti dəyişmək mümkün olurdu. Mənəvi cəhətdən bir qədər çətin idi.

– Amma “Qəbələ” tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı…
– Bəli, bu, böyük uğur idi. Amma buna baxmayaraq, rəhbərlik yenə mövsümü boşa verilmiş saydı. Çünki Azərbaycan çempionatında üçüncü yeri tutduq, ölkə kubokunda finala yüksələ bilmədik. Bu da mövsümün qiymətləndirilməsinə təsirini göstərdi. “Qəbələ” üçüncü dəfə bürünc medala sahib çıxsa da, rəhbərlik heç ikinciliklə də razılaşmır. Yeganə hədəfləri Azərbaycan çempionu olmaqdır. Avroliqada oynayanda hamı sevinirdi. Amma avrokuboklarla vidalaşdıqdan sonra hər şey yaddan çıxdı. Fikrimcə, onlar hələ avrokubokların qrup mərhələsində oynamağın necə prestijli olduğunu başa düşmürdülər. Bu mövsüm yenidən eyni uğura imza atdılar. Yəqin ki, bu dəfə belə bir uğurun klub, ölkə üçün necə önəmli olduğunu anlayarlar.

– Azərbaycan çempionatı sizdə necə təəssürat oyatdı?
– Azarkeşlər stadiona getməkdə elə də maraqlı deyillər. Süni meydançalar çoxdur. Avroliqa matçlarımızı Bakıda keçirirdik. Amma hətta Dortmund “Borussiya”sına qarşı oyunumuzda da stadion tam dolmamışdı. Halbuki, “Bakcell Arena” cəmi 15 min azarkeş tutumuna malikdir.

Həmin kateqoriyadan