Robert Prosineçki: “Bu, Azərbaycan futbolunun əsl gücünü göstərmir”

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Azərbaycandan hansı təəssüratlarla qayıtmısınız?
– Parlaq. Azərbaycanın təkcə paytaxtı yox, bütün bölgələri doğrudan da gözəldir. Bakı fenomenal şəhərdir. Mənim daha çox diqqətimi çəkən bu ölkənin futbol infrastrukturu, stadionlar, meydanlar oldu. Burada futbola çox investisiya yatırırlar. Hazırda daha bir yeni stadion tikirlər ki, həmin arena may, iyun aylarında istifadəyə veriləcək. Azərbaycan çox sürətlə inkişaf edir. Mən demək olar ki, bütün dünyanı gəzmişəm. Əminliklə deyə bilərəm ki, Bakı gördüyüm şəhərlər arasında ən gözəllərdən biridir. Orada hər şey çox möhtəşəm görünür və insanları da mehribandırlar.

– Bəs çempionat barədə nə deyə bilərsiniz?
– Kifayət qədər yaxşı. Hardasa Xorvatiya çempionatı səviyyəsində. Premyer Liqada 10 komanda iştirak edir, onlardan da biri “Qarabağ”dır. Hansı ki, Avropa Liqasının qrup mərhələsində İtaliya “İnter”i, Fransa “Sent-Etyen”i və Ukrayna “Dnepr”i ilə mübarizə aparırdı. Ağdamlılar qrupdan çıxmalı idilər. Amma hakim bu komandanın “İnter”in qapısına vurduğu təmiz qolu saymadı. Futbol bu ölkədə çox sürətlə inkişaf edir. Xorvatiyaya 0:6 hesablı məğlubiyyət bu ölkənin yığmasının əsl gücünün göstəricisi sayılmamalıdır. Ən azından gördüklərim belə deməyə əsas verir. Perspektiv var. Xüsusilə də gənc futbolçuların potensialı diqqət çəkir. Məsələn, bu ölkənin U-17 və U-19 yığmaları Avropa çempionatının seçmə mərhələsinin elit raunduna vəsiqə qazanıb. Düzdü, Azərbaycan fərdi idman növlərində daha böyük uğurlara malikdir. Məsələn, güləş, boks, cüdo və sair idman növləri bu ölkədə yaxşı inkişaf edib. Sonuncu yay olimpiya oyunlarında azərbaycanlılar 10 medal qazanmışdılar. Amma bu ölkə futbolda da güclü olmaq istəyir. Mən də məşqçilər korpusumla birgə bu işdə uğura nail olmağa çalışacağam.

– Azərbaycan yığmasını hansı komanda ilə müqayisə edə bilərdiniz və gələcəyini necə görürsünüz?
– Ötən seçmə mərhələdə bu komanda xeyli xal toplamışdı. Azərbaycan xüsusilə də Rusiya ilə oyunda özünü yaxşı tərəfdən göstərməyi bacarmışdı. Bu ölkənin əsas problemlərindən biri ondadır ki, Avropada çıxış edən futbolçuları çox azdır. Amma çox güclü çempionatları var və potensial böyükdür. Azərbaycanı hansısa ölkə ilə müqayisə etmək istəməzdim. Onu deyə bilərəm ki, seçmə mərhələdə hələ də xal qazana bilməmələri Azərbaycan futbolunun əsl gücünü göstərmir.

– Bu komandada hansı oyun üslubundan yararlanacağınızı müəyyənləşdirmisiniz?
– Ümid edirəm ki, indikindən daha yaxşı oyun sərgiləyə biləcəyik. Fikrimcə, qrupdakı rəqiblərimizin işini çətinləşdirə bilərik. Əlbəttə, biz özümüzü İtaliya, Xorvatiya və digər komandalarla müqayisə etmək fikrində deyilik. Bəzi gənc futbolçularda böyük potensial görmüşəm. Onları yığmaya dəvət etməyi düşünürəm. Yığma hazırda heç də yaxşı vəziyyətdə deyil. Çünki seçmə mərhələnin indiyə qədər baş tutan bütün oyunlarından məğlubiyyətlə ayrılıb. Amma biz öz gücümüzə inanırıq. Bütün komandanı da inandırmalıyıq ki, hər bir rəqibə qarşı layiqli mübarizə apara bilərik. Daha aqressiv oyun sərgiləməyə çalışacağıq. Keyfiyyətli futbol sərgiləmək istəyirik. Əlbəttə, bunu sözdə demək asandır. Lakin biz əməldə də nəyəsə nail olmağa çalışmalıyıq. Onu da deməliyəm ki, klubların yüksək hədəflərə nail olması üçün yetərli yerli futbolçusu yoxdur. Amma buna çalışırlar. Biz DÇ-2018-in seçmə mərhələsində layiqli mübarizə apara biləcək möhkəm bir komanda yaratmağa qadir olduğumuzu göstərmək istəyirik. Fevralda bizi Antalyada toplanış gözləyir. Həmin toplanışla martda qarşılaşacağımız Malta ilə seçmə mərhələ oyununun hazırlığına start verəcəyik. Yanvarın 9-dan etibarən isə Türkiyəyə yollanıb burada təlim-məşq toplanışı keçəcək klubların hazırlığına baxacağıq. Bütün vaxtımı orada keçirməli olacağam.

Həmin kateqoriyadan